Rusiya Federasiya Şurasının senatoru Marqarita Pavlova gənc qadınları karyera qurmaq əvəzinə uşaq dünyaya gətirməyə çağırıb.
Hafta.az-ın yazdığına görə, millətçi mühafizəkar "Tsarqrad" kanalına müsahibə verən Pavlova deyib: "Gənc qızları ali təhsilə yönəltməkdən əl çəkmək lazımdır. Universitet təhsili alan gəncləri yetişdirməməliyik. Çünki təhsil mahiyyətcə heç bir nəticə vermir. Ya başqa bir işdə işləməyə, ya da illərlə axtarışa başlayırlar və uşaq dünyaya gətirmək qabiliyyətini itirirlər”.
44 yaşlı Marqarita Pavlova yaranmış vəziyyətə görə Oktyabr İnqilabını günahlandırıb. Çelyabinskdən olan senator bildirib ki, inqilabdan sonra qadınların işləmək imkanı artıb və uşaq dünyaya gətirməyi dayandırıblar.
Pavlova həmçinin iqtisadi stimullarla əhalini artırmağın mümkün olmadığını, Birləşmiş Ərəb Əmirliklərinin buna cəhd etdiyini və buna nail ola bilməyəcəyini iddia edib.
Bu arada, Marqarita Pavlovanın özü ali təhsil alıb və universiteti bitirdikdən 4 il sonra ərə gedib.