Rusiya “Kinjal” hipersonik raketinin kütləvi istehsalına başlayır

10:15 12.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya hipersonik “Kinjal” raketinin kütləvi istehsalına start verib.

Hafta.az-ın yazdığına görə, bu barədə “Rossiya 24”ə müsahibəsində Rusiyanın dövlət müdafiə sənayesi şirkəti “Rostec”in direktor müavini Vladimir Artyakov deyib.

Artyakov “Biz indi “Kinjal” raketini kütləvi istehsal edirik. Əvvəllər biz yalnız sınaqları modernləşdirmək və tamamlamaq üçün istehsal edirdik, indi isə kütləvi istehsala başlamışıq. Biz Müdafiə Nazirliyinin tələb etdiyi işləri keyfiyyətli və vaxtında, lazımi sayda və həcmdə edirik” deyib.

Ukraynanın “Kinjal” raketlərini vurmaq və ya onları tutmaq iqtidarında olmadığını deyən şirkət rəsmisi iddia edib ki, guya “Patriot” hava hücumundan müdafiə sistemini “Kinjal”la vurmaq mümkündür. Artyakov “Bu gün heç bir ölkənin “Kinjal” kimi silaha müqavimət göstərmək gücü yoxdur, onu vura, hətta aşkar edə bilmirlər” deyib.

Kh-47M2 Kinjal (“xəncər”) Rusiyanın nüvə qabiliyyətinə malik hipersonik aero-balistik “hava-yer” tipli raketidir. İddiaya görə bu raket 2 min kilometrdən (1200 mil) çox məsafə qət edir, 10 Mach sürətə malikdir və uçuşunun hər mərhələsində qaçma manevrləri edə bilir.

Rusiya mənbələrinə görə, təxminən səkkiz metr uzunluğunda olan bu raketlər çox sürətli və manevr qabiliyyətinə malikdir və sürətinə baxmayaraq, hədəfləri son dərəcə yüksək dəqiqliklə vura bilir. Bu raketlər 480 kiloqrama qədər çəkisi olan adi və ya nüvə başlıqları daşıyır. Nüvə başlığı ilə də təchiz oluna bilən və saatda 15 min kilometr sürətə çata bilən raketlər hava-yer əməliyyatlarında istifadə olunur.