Bu gün Azərbaycanın ictimai-siyasi durumunu müəyyən edən amil 44 günlük müharibədən sonra ordunun əldə etdiyi nəticələr və onun cəmiyyətimizdə necə realizə olunması ilə bağlıdır. Biz hərbi sahədə qalib gəlsək də, hələ ki, diplomatik cəbhədə amansız mübarizə gedir.
Azərbaycanın qələbəsini qəbul etməyən dövlətlər ölkəmizə bu və ya digər şəkildə təzyiq göstərməyə çalışır. Ermənistan sülh sazişi və sərhədlərin delimitasiya, demorkasiyasından yayınmaq üçün bütün bəhanələrdən istifadə edir.
Mövcud gündəm nə ilə bağlıdır və regionda Ermənistan və havadarları nəyə nail olmağa çalışırlar?
Bu barədə hafta.az-a danışan Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, əslində bu gün dövlətimizin əsas fəaliyyət istiqaməti məhz diplomatik cəbhədə qalib gəlməklə bağlı vuruşmalardır. Türkiyə istisna olmaqla bütün dövlətlər özünün maraqlarını Azərbaycana təzyiq göstərmək yolu ilə həyata keçirməyə çalışırlar.
Q.Əlibəyli regionla bağlı gərginliyin məhz Rusiyanın bölgədəki dominantlığı ilə əlaqələndirib:
“Rusiyanın Ermənistanla müqaviləsi var və bu beynəlxalq hüquqa zidd deyil. Ermənistan öz sərhədlərinin mühafizəsini, komunikasiyaların qorunmasını Rusiyaya tapşırıb. Ermənistanın Rusiyaya xeyli borcu var. Rusiya da həmin borcun müqabilində yavaş-yavaş Ermənistanın iqtiadiyyatını özünün əlinə keçirmək istəyir. Azərbaycanda olan rus hərbçiləri adları nə qədər “sülhməramlı” olsa da hərbçilərdir. Adlarını sülhməramlı qoysalar da, sülhyaratma prosesindən başqa demək olar ki, hər işlə məşğuldurlar. O cümlədən, humanitar adı ilə erməniləri Suriadan, Livandan daşıyıb gətirirlər, ermənilərə evlər tikirlər, heykəllər qoyurlar. Rusiya bütün Şərqi Avropanı heykəllərlə doldurub. Azərbaycanda da xeyli rus heykəlləri var idi. Vaxt gələcək Azərbaycanda o heykəllər qalmayacaq”.
Q.Əlibəyli hesab edir ki, bugünkü Rusiyanın çalışdığı da odur ki, Qarabağda problemlər qalsın və Azərbaycanla Ermənisan arasında münasibətlərin normallaşması üçün daim vasitəçi olsun:
“Amma bu gün Azərbaycanın dövlət nüfuzu xeyli yüksəkdir. Hərbi, siyasi cəhətdən bölgədə söz sahibidir. Azərbaycanın Türkiyə kimi müttəfiqi var. Hələ ki, Türkiyənin iştirakı monitorinq mərkəzi ilə bağlıdır. Amma Türkiyənin hərbi cəhətdən iştirakı genişlənməlidir. Azərbaycanla birgə hərbi bazalar yaradıla bilər. Bunlar Rusiyanı çəkindirən qüvvələrdir. Rusiya istəməz ki, bir neçə il ərzində ermənilərin müdafiəsi naminə Azərbaycan, Türkiyə, Pakistanla üz-üzə gəlsin. Amma hər halda Rusiya sülhməramlıları 4 il burdadır”.
Hüquqşünas bildirib ki, beynəlxalq hüquqda təzminatın ödənilməsi ilə bağlı vahid nizamlama mexanizmi yoxdur. Buna baxmayaraq o, belə bir təcrübənin I və II Cahan müharibələrindən sonra bağlanan sülh müqavilələrində öz əksini tapdığını önə çəkib:
“Müqavilədə işğalçı tərəfin göstərdiyi əməllərə və vurulan maddi ziyana görə təzminat tələb edir və bu barədə axırıncı sülh müqavilələrinə daxil edilib. Birinci Cahan savaşından sonra Almaniya üzərinə qoyulmuş təzminatın ödənilməsi 2012-ci ildə başa çatdırılıb. II Cahan müharibəsindəki təzminatı hələ ödəyib qurtarmayıblar. Biz dövlət olaraq yox, fərdlər olaraq da iddia qaldıra bilərik. Məsələn, bir neşə il qabaq “Çıraqov işi” ilə bağlı deyilən məsələ var idi, orda bu məsələlər öz həllini tapıb. Şəxslər tədricən hissə-hissə ərazisini, əmlakını tələb etmək üçün müraciət edə bilərlər. Məsələn, ağdamlılar elliklə müraciət edib ermənilərdən təzminat tələb edə bilərlər. Çünki orda bir dənə də ev qalmayıb. Təzminat əvəzində torpaq da istənilə bilər. Bu təcrübə də var. Zəngəzur qanunsuz olaraq Ermənistana verilib. Təzminat qaldırıb o yerləri almaq olar. Amma indiki halda Zəngəzuru almaq yox, Zəngəzur yolunu açmaqla Türk Dünyasının birləşməsinə nail olmaq lazımdır”.
Q.Əlibəyli Ermənistanın nə qədər sobataj etməsinə baxmayaraq, nəhayətdə sülhə gələcəyini deyib. O, sülh sazişinin imzalanmasını istisna etməsə də, hələ ki, perspektivin görünmədiyini deyib:
“Tarixi təcrübə göstərir ki, bütün müaharibələrin sonunda sülh sazişi imzalanır. Ona görə ki, Azərbaycan tərəfi buna hazır olsa da, Ermənistan cəmiyyəti hazır deyil. Ermənistan Azərbaycanla düşmən nota köklənib. Erməni cəmiyyəti, hakimiyyəti buna hazır olanda sülh sazişi ortaya çıxacaq. Diaspora, lobbi mane olacaqsa, deməli Ermənistan hakimiyyəti də sülhü istəmir. Amma başa düşürlər ki, Rusiyanın təsirindən çıxmaq, Qərbə inteqrasiyanı həyata keçirmək üçün Azərbaycana inteqrasiya eləməlidir.
Təbii ki, burda sülhün bağlanmasına maraqlı olan güclər, dövlətlər də var. Çünki bir çox dövlətlər təkcə Rusiyanın vasitəçilik missiyasını yerinə yetirməsindən narazıdırlar. Onlar regiondakı mövqelərini itiriblər indi də problemli məsələlərin qalması onlara sərf edir. Özlüyündə prosesə daxil olub, Rusiyanı burdan uzaqlaşdırmaq istəyirlər. Sülh sazişi imzalanandan sonra bura daxil olmağa səbəblər qalmayacaq”.