Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı hərbi kampaniyası “böyük strateji uğursuzluqdur” və Rusiya tezliklə “Çinin iqtisadi müstəmləkəsinə çevrilə bilər”,
Hafta.az xəbər verir ki, bu haqda “Amerikanın səsi” radiosu məlumat yayıb.
“Rusiyanın iqtisadi perspektivlərini yalnız canlı qüvvə və texnika itkisinin deyil, həm də Rusiya ordusunun nüfuzdan düşməsinin, zəif tərəflərinin ifşa olunmasının, sanksiyaların və ixrac nəzarətinin uzunmüddətli zədələnməsinin və mindən çox Qərb şirkətinin ölkəni tərk etməsinin təsirlərinin prizmasından düşünün”, - deyə Börns Hyustondakı Rays Universitetindəki çıxışında bildirib.
“Unutmayın ki, müharibənin əvvəlində Putin NATO-nu parçalamaq və zəiflətmək niyyətində idi, amma əslində NATO indi həmişəkindən daha sız birləşib. Alyans öz sıralarına yeni üzv olan Finlandiyanı qəbul edib və çox güman ki, başqa bir namizəd olan İsveçi də qəbul edəcək. Və real vəziyyətə nəzər salsanız, görə bilərsiniz ki, Rusiya getdikcə Çindən daha çox asılı vəziyyətə düşür və müəyyən mənada enerji resursları və xammal ixracından asılı olaraq zamanla Çinin iqtisadi müstəmləkəsinə çevrilmək təhlükəsi ilə üz-üzədir. Və əlavə etmək lazımdır ki, Putin özü Rusiyanı bu uçuruma aparır”, -deyə Börns vurğulayıb.
Xatırladılır ki, 2021-ci ilin sonunda prezident Co Bayden Putini müharibəyə başlamaqdan çəkindirmək üçün Börnsi Moskvaya göndərib, lakin MKİ rəhbəri Rusiya prezidentinin artıq qərarını verdiyinə əmin olaraq Vaşinqtona qayıdıb.
Börnsə görə, Putin çətin ki, son 14 ayda etdiyi səhvlərdən nəticə çıxarsın.
“O, ukraynalıları əzmək və Qərbi yıxmaq iqtidarında olacağına ümid edir. O, düşünür və bizim də düşünməyimizi istəyir ki, o, zamanı öz xeyrinə işlədə bilər. O, əmin olmağa davam edir ki, Ukrayna onun üçün bizdən daha vacibdir. Düşünürəm ki, Putin işğaldan əvvəlki fərziyyələrində olduğu kimi bu ümidlərində də yanılır”, - deyə MKİ direktoru yekunlaşdırıb.