Rusiyada üç və daha çox uşağı olan ailələrin sayı son beş ildə 27 faiz artıb.
Hafta.az-ın yazdığına görə, Rusiya baş nazirinin müavini Tatyana Qolikova bildirib ki, ölkədə üç və daha çox uşağı olan ailələrin sayı son 5 ildə 27 faiz artaraq 2,3 milyona çatıb.
Qolikova onu da əlavə edib ki, ümumilikdə doğulan uşaqların sayı 30 faiz artıb.
Baş nazirin müavininin sözlərinə görə, bu gün Rusiyada yaşayan 24,5 milyon ailədə toplam 30 milyon uşaq böyüyür.
Qolikova bunların yaxşı göstəri olduğunu, lakin kifayət etmədiyini bildirərək, “Biz belə ailələrin daha çox olmasına çalışmalı və böyük ölkəmizdə ailələrin rahat yaşaması üçün əlimizdən gələni etməliyik” deyib.
Noyabrda prezident Vladimir Putin 2024-cü ilin “Ailə ili” elan edilməsi haqqında fərman imzalayıb. Yeni fərmana əsasən, Rusiyada 3 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə statusu alacaq. Üstəlik, bu fərmanla dolanışıqlarını təmin etməkdə çətinlik çəkən çoxuşaqlı ailələrə dəstək tədbirləri görüləcək.
Üç və daha çox uşağı olan ailələrə sosial müavinətlərin verilməsi, əmək münasibətləri sahəsində dəstək tədbirləri, o cümlədən həmin qadınların sığortalanaraq daha erkən yaşda pensiyaya çıxmasına təminat verilməsi nəzərdə tutulur.