Rusiyada hərbi aerodroma PUA-larla hücum edildi?..

18:53 20.11.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Rusiya hava hücumundan müdafiə sisteminin işi” səbəbindən avtomobillərə ziyan dəyib...

Şənbə günü, noyabrın 19-u axşam saatlarında Rusiyanın Rostov vilayətində, Millerovo hava limanı yaxınlığında partlayış səsləri eşidilib. Yerli hakimiyyət orqanları pilotsuz təyyarələrlə hücum olunduğunu elan edib.

Hafta.az xəbər verir ki, bu barədə Rusiyanın "Baza" telegram-kanalı məlumat yayıb.

Rostov vilayətində hava hücumundan müdafiə qüvvələri hərbi aerodrom yaxınlığında iki pilotsuz təyyarəni vurub.

Məlumata görə, ilk pilotsuz təyyarə noyabrın 19-da axşam saat 22 radələrində Millerovo şəhərindən bir kilometr yarımlıqda vurulub. Bir saat sonra şəhərin 10 kilometrliyində başqa bir PUA aşkar edilərək vurulub.

Bütün bunlar yerli aerodromdan bir neçə kilometr aralıda baş verib. Hazırda pilotsuz uçaqların mənsubluğu araşdırılır.

Yerli sakinlər əvvəlcə havada yüksək partlayış səslərinin eşidildiyini və bir neçə avtomobilin zədələndiyini bildiriblər.

Rostov hakimiyyəti də partlayışların Milerovo hərbi hava limanı yaxınlığında eşidildiyini bildirib. Rusiyanın yerli hakimiyyət orqanları hərbi aerodroma PUA-larla hücum həyata keçirildiyini və buna görə də hava hücumundan müdafiə sisteminin işlədiyini iddia ediblər.