Rusiyada polis çatışmazlığı: Yaş həddi 55-ə qaldırıldı

10:20 05.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Daxili İşlər Nazirliyi kadr çatışmazlığı səbəbindən işə qəbul meyarlarını yumşaltmaq qərarına gəlib. Qurumdan verilən məlumata görə, 35-40 kimi tətbiq edilən yuxarı yaş həddi 50-55-ə qaldırılır.

Hafta.az-ın “Novıye İzvestiya” portalına istinadən yazdığına görə, kadr çatışmazlığı səbəbindən polisin kriminal hadisələrə gecikdiyini göstərən misallara yer verib.

Polis həmkarlar ittifaqı nümayəndələri isə 50 yaşında işə düzələn təşkilatın yeni üzvünün 70 yaşında təqaüdə çıxacağını, bəzilərinin isə 14 kiloluq polad jilet, avtomatik tüfəng, tapança və qandal daşımağa məcbur qalacağını bildiriblər. 

Ötən həftələrdə məlum olub ki, Rusiyada tikinti və sənaye müəssisələrindən sonra polisdə də kadr çatışmazlığı yaranıb. Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev iyul ayında 5 min polis əməkdaşının istefa verdiyini açıqlayıb. Federal Təhlükəsizlik Bürosunun nümayəndəsi Aleksandr Mixaylov da bəzi bölmələrdə vakant yerlərin yarıya qədər boş olduğunu bildirib.

“Novıye İzvestiya” qeyd edir ki, maaşların aşağı olması səbəbindən bəzi polis əməkdaşları istefa verib və ordu ilə müharibədə iştirak üçün müqavilə imzalayıblar.

Polisin maaşı 35 - 80 min rubl arasındadır. Federal bölgələrdə bu diapazon 30-40 min rubl (300-400 dollar) civarındadır.