Rusiyada satılmayan mənzillər rekord qırıb

11:15 12.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada yeni mənzillərə tələbat azaldığı üçün, satılmayan mənzillərin sayı tarixin ən yüksək səviyyəsinə yüksəlib.

Hafta.az-ın “Nezavisimaya qazeta”ya istinadən yazdığına görə, hazırda ölkədə 42 milyon kvadfratmetr yeni mənzil alıcı gözləyir. Tikinti böyük ölçüdə başa çatdırılsa da, hələ də satışa çıxarılmayan mənzillərin həcmi 27 milyon kvadratmetrdir. Tikintisi davam edən bütün yaşayış binalarının ümumi sahəsi isə 98 milyon kvadratmetdən çoxdur.

Qəzetin xəbərinə görə, yeni satışlarda 20 faiz endirim normaya çevrilib, bəzi alışlarda isə endirim dərəcəsi 40 faizə çata bilir. İnşaatçılar digər sektorlarda olduğu kimi, dövlətin onlara yardım göstərməsini gözləyirlər.

“Nezavisimaya qazeta”ya danışan DOM.RF rəsmiləri 2022-ci ilin ortalarından etibarən satılmayan yeni evlərin sayının artmağa başladığını bildiriblər. 2019-2021-ci illər arasında satılmayan evlərin həcmi orta hesabla 33,8 milyon kvadratmetr olduğu halda, hazırda bu həcm 25 faiz çoxdur.

Tikinti şirkətləri sıfıra yaxın ipoteka faizləri təklif etsələr də, Rusiya Mərkəzi Bankının rəsmiləri bu təcrübənin iqtisadiyyat üçün təhlükə yaratdığını deyirlər. Mart ayında verdiyi açıqlamada vitse-prezident Kseniya Yudayeva “onların səbrinin hər an tükənə biləcəyini” bildirərək, müdaxilə etmək üçün siqnal verib.

Mərkəzi Bank faiz dərəcələrinin aşağı olması səbəbindən vətəndaşların borc yükünün konvertasiya olunmayan həcmə çatacağından narahatdır.