Rusiyanın qeyri-müdafiə sənayesi istehsalı fevral ayında 8 faiz azalıb. Rəsmi statistika da fevral ayında ümumi sənaye istehsalında 1,7 faiz azalma olduğunu göstərir.
Hafta.az-ın yazdığına görə, digər tərəfdən, ordunun ehtiyacları üçün istehsal edən zavodların əksəriyyəti üç növbədə işləyir. Müdafiə naziri Sergey Şoyqu bəzi məhsulların istehsalının 7-8 dəfə artdığını açıqlayıb.
"Rosstat"ın məlumatları da göstərir ki, fevralda silah istehsalında istifadə edilən hazır metal hissələrin istehsalı 38,8 faiz artıb.
Məlumatları şərh edən Alfa-bankın baş iqtisadçısı Nataliya Orlova hesab edir ki, bu iqtisadi mənzərə uzunmüddətli perspektivdə risklərin yığılmasına səbəb olur. Orlova bildirib ki, bu rəqəmlər Rusiya iqtisadiyyatının bərpa potensialı üçün həyəcanvericidir.
"Economist Intelligence Unit"dən Agathe Demarais hərbi sənayenin istehsal etdiyi məhsulların Ukraynada istifadə edildiyini və bu istehsalın ölkənin həyat səviyyəsinə müsbət təsir göstərə bilməyəcəyini bildirib.