Rusiyada sülh danışıqlarını dəstəkləyənlərin sayı artır

11:30 11.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada xarici agent elan edən müstəqil rəy sorğusu təşkilatı “Levada” Ukraynada davam edən müharibə ilə bağlı yeni araşdırmasını dərc edib. “Levada”nın analitikləri qeyd edirlər ki, Rusiya ictimaiyyətinin müharibəyə marağı avqust ayında əvvəlki aylarla müqayisədə bir qədər azalıb.

Hafta.az-ın yazdığına görə, müharibəni “çox diqqətlə” izlədiklərini deyənlərin nisbəti 23 faizdən 17 faizə, “kifayət qədər diqqətlə” izlədiyini deyənlərin nisbəti isə 36 faizdən 31 faizə enib. “Heç izləmirəm” deyənlərin nisbəti isə 9 faizdən 17 faizə yüksəlib.

Avqust ayı etibarilə hadisələri diqqətlə izləyən qrupun 63 faizi 55 yaş və daha yuxarı yaşda olanlardır. Digər tərəfdən, Ukraynada baş verənlərə ən çox biganə qalanların 72 faizi 18-24 yaş qrupudur.

Rusiya ordusunun Ukraynadakı fəaliyyətini şəxsən dəstəklədiyini bəyan edənlərin nisbəti 70 faiz, əksini düşünənlərin nisbəti 21, qərarsızların sayı isə 10 faizdir.

Lakin “Levada”nın 2022-ci ilin fevral ayından etibarən hər ay keçirdiyi sorğuda “Qətiyyətlə ordunu dəstəkləyirəm” cavabını verənlərin nisbətinin ilk dəfə olaraq 38 faizə qədər azaldığı görünür.

Orduya ən çox dəstək verən qrupun 77 faizi 55 yaş və yuxarı olanlardır. 18-24 yaş qrupunda ordunu dəstəkləyənlərin sayı 57 faizdir. Bundan başqa, kişilər arasında ümumi dəstəyin qadınlara nisbətən 10 bal daha yüksək olduğu görülür.

Nəhayət, hazırkı mərhələdə müharibənin davam etdirilməli olduğunu düşünənlərin nisbəti 38 faizdir. Digər tərəfdən sülh danışıqlarının başlanması lazım olduğunu düşünənlərin sayı isə 50 faizə bərabərdir. Sülh danışıqlarına dəstək verənlərin 52 faizi hesab edir ki, çox sayda əsgər ölüb və qırğının qarşısı alınmalıdır.