Rusiyalıların pulu ya xaricdə, ya da yastığın altındadır

12:35 08.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyadan pul axını 2022-ci ildə son 15 ilin rekordunu qırıb. “Noviye İzvestiya” portalı yazır ki, Rusiyada bu məbləğ 2021-ci illə müqayisədə orta hesabla 70 milyard dollar artmaqla 227 milyard dollara yüksəlib. Portal böhran ili olan 2008-ci ildə xaricə çıxarılan pulun 133 milyard dollar səviyyəsində qaldığını xatırladıb.

Hafta.az-ın yazdığına görə, son 15 ildə Rusiyadan çıxan pulların ümumi həcmi 1,1 trilyon dollardır. Lakin bu pulların nə qədərinin şirkətlərə, nə qədərinin isə fərdlərə məxsus olması ilə bağlı dəqiq təhlil yoxdur. Portalın Rusiya Elmlər Akademiyasına istinadən verdiyi məlumata əsasən ölkədə 350 min nəfər dollar milyoneri var ki, onlardan ən azı 50 mini pullarını da götürüb Rusiyanı tərk edib.

Mərkəzi Bankın məlumatlarında qeyd olunur ki, Rusiya vətəndaşlarının xarici banklarda saxladıqları vəsaitin məbləği 2022-ci ildə əvvəlki illə müqayisədə üç dəfə artaraq 94,3 milyard dollara çatıb.

Portalın müəllifləri vəziyyəti “Varlı getdi, kasıb qaldı” sözləri ilə yekunlaşdırıb.

Digər tərəfdən, Rusiyada qalanlar pullarını banklara təhvil verməkdənsə, evdə saxlamağa üstünlük verirlər. 2023-cü ilin əvvəlinə olan məlumata görə, yastıq altında saxlanılan pulun miqdarı 16,7 trilyon rubl və ya 202 milyard dollar civarında qiymətləndirilir.