“Qazprom”un prezidenti Aleksey Miller Rusiya dövlət televiziyasına verdiyi açıqlamada bildirib ki, rəhbərlik etdiyi şirkətin Çinə boru kəməri vasitəsilə qaz ixracı yaxın gələcəkdə Qərbi Avropaya ixracını üstələyəcək.
Hafta.az-ın yazdığına görə, Çin gömrük məlumatlarına əsasən, 2023-cü ilin yanvar ayından etibarən Rusiya qaz kəməri ilə və mayeləşdirilmiş formada (LNG) ixrac da daxil olmaqla, Çinin ən böyük təbii qaz tədarükçüsü olub.
Rusiya qazı Çinə “Sibirin gücü” boru kəməri ilə ixrac olunur.
Beləliklə, Rusiya 2,7 milyard kubmetr həcmlə Çinin digər əsas tədarükçülərini (Hər biri 2,2 milyard kubmetr olan Türkmənistan və Qətər) və 1,9 milyard kubmetrlə Avstraliyanı geridə qoyaraq birinci olub.
“Qazprom”un prezidenti Aleksey Miller bir müddət əvvəl Rusiyanın Çinə qaz tədarükünün yanvarın 1-dən yeni səviyyəyə çatdığını bildirib. 2022-ci ildə Rusiya Çinə müqavilədə nəzərdə tutulandan çox qaz göndərib. Bundan əlavə, 2023-cü il müqavilələri səviyyəsində tədarüklərə 31 dekabr 2022-ci ildə başlanılıb.
Bundan əvvəl Vladimir Putin Rusiyadan Çinə enerji nəqlinin görünməmiş olduğunu bildirmişdi.
Rusiya Çinə qaz tədarükünü daha da artırmaq üçün “Sibirin Gücü-2” təbii qaz kəmərinin tikintisinə başlamağı planlaşdırır.