Rusiyanın trol qayığı kimi göstərdiyi xüsusi gəmilərlə Şimal dənizindəki rabitə xətlərinə qarşı təxribat törətməyi planlaşdırdığı iddia edilib.
Hafta.az-ın "Politico"ya istnadən yazdığına görə, Danimarka, Norveç, İsveç və Finlandiyanın ictimai yayımçılarının birgə araşdırmasında, Rusiya Hərbi Dəniz Qüvvələrinin tədqiqat gəmiləri kimi göstərdiyi trol gəmiləri və xüsusi nəqliyyat vasitələri ilə təxribat planlarının olduğu bildirilib.
Tədqiqatda 50-yə yaxın gəminin müxtəlif müşahidə avadanlığına malik olduğu və Şimal dənizində mümkün təxribat zonalarının xəritələşdirilməsinin aparıldığı irəli sürülüb. Gəmilərin Şimal dənizində külək turbinləri, təbii qaz xətləri və neft emalı zavodlarının yerləşdiyi bölgələrdən müntəzəm olaraq keçdiyi iddia edilib.
Araşdırmada gəmilərin sualtı rabitə kabellərinə qarşı da təxribat edə biləcəyi irəli sürülüb.
Böyük Britaniyanın ictimai yayımı olan BBC də Londonun vəziyyətdən xəbərdar olduğunu və Rusiya gəmilərinin təxribat proqramı çərçivəsində Britaniya sularından keçdiyini iddia edib.
Danimarkanın əks-kəşfiyyat rəsmiləri isə iddia edirdilər ki, Kreml təxribat planını Ukrayna müharibəsinin eskalasiyasına və Qərb ölkələri ilə birbaşa toqquşma ehtimalına hazırlıq üçün hazırlayıb.
Norveç kəşfiyyatı bu planların Rusiya üçün çox əhəmiyyətli olduğunu və proqramın birbaşa Moskvadan idarə olunduğunu iddia edib.
Araşdırmada Şimal dənizində casusluq fəaliyyəti ilə məşğul olduğu deyilən gəmilərin yerlərinin təsbit edilə bilməməsi üçün ötürücülərini söndürdükləri və “xəyalət gəmiləri” kimi davrandıqları bildirilib. Şimal dənizində külək turbinlərinin olduğu yerdə gəmilərin sürətini azaltdığı və hətta gözlədiyi də qeyd edilib.
Rəsmi qeydlərdə “Admiral Vladimirski” adlı gəminin dəniz tədqiqat gəmisi kimi təsbit edildiyi, lakin bu vasitənin əslində Kreml üçün casusluq etdiyi iddia olunub. Bildirilib ki, araşdırma aparan ictimai yayımçılardan olan jurnalist “Admiral Vladimirski” gəmisinə yaxınlaşıb və bu zaman gəminin göyərtəsində əlində piyada tüfəngi olan maskalı şəxs peyda olub.
Digər tərəfdən, Rusiyanın Norveçdəki səfiri Teymuraz Ramişvili casusluq fəaliyyəti ilə bağlı iddiaları təkzib edərək, bunların tədqiqat işləri olduğunu və beynəlxalq hüquqa uyğun aparıldığını deyib.