Rusiyada ev təsərrüfatlarının əmanətlərinə diqqət yetirən araşdırma göstərdi ki, son vaxtlar insanlarda əmanətlərini xaricdə xərcləməyə meyl artıb.
Hafta.az-ın yazdığına görə, Rusiya Mərkəzi Bankından bildirilib ki, 2023-cü ilin birinci rübündə Rusiya vətəndaşlarının xaricə fərdi investisiyaları 1,6 trilyon rubl, borcları isə 1 trilyon rubl artıb. Beləliklə, xaricdəki ev təsərrüfatlarının ümumi maliyyə aktivləri 1 aprel 2023-cü il tarixinə 132,5 trilyon rubla qədər artıb.
Ev təsərrüfatlarının xaricdəki ümumi borcu 33,4 trilyon rubl səviyyəsindədir.
İlin birinci rübündə Rusiya vətəndaşları əsasən nağd pul və depozitlərə 701,6 milyard rubl, həmçinin səhmlərə 688,5 milyard rubl sərmayə qoyublar.
Rusiya vətəndaşlarının eskrou hesablarında (tərəflər arasında kommersiya əməliyyatı bağlanana qədər əməliyyatın maliyyə aktivlərini təhlükəsiz şəraitdə saxlayan üçüncü şəxs və ya qurum) əmanətləri də 35,2 milyard rubl artıb.
Rusiya vətəndaşlarının xarici banklardakı depozit hesablarındakı əmanətləri 2022-ci ilin əvvəlindən 2023-cü ilin may ayına qədər olan dövrdə 43,5 milyard dollar artıb.