SuperJob-un apardığı araşdırmaya görə, aylıq gəliri 100 min rubl və yuxarı olan Rusiya vətəndaşları ən çox ingilis və çin dilini öyrənmək istəyir. Türk dili bu gəlir qrupunda olan insanlar arasında diqqət çəkmir.
Hafta.az-ın yazdığına örə, gəliri 100 min rubl və yuxarı olanlar arasında ingilis dili 36 faizlə ən populyar dildir, Çin dili isə 20 faizlə ikinci yerdədir.
İspan dili 9 faiz, ərəb dili 4 faiz, italyan dili 3 faiz, alman və fransız dilləri 1 faiz alıb. Bu gəlir qrupunda iştirak edənlərin 10 faizi xarici dil öyrənmək istəmədiyini bildirib.
Bundan əlavə, sorğuda iştirak edənlərin 5 faizi “Koreya, türk, portuqal, çex, sanskrit və digər dilləri öyrənmək istədiklərini” bildiriblər.
Ümumilikdə, gəlirindən asılı olmayaraq bütün respondentlər arasında ən populyar dil ingilis dili (38 faiz), ikinci yerdə isə Çin dili (14 faiz) olub. Üçüncü yeri hər biri 5 faizlə alman və yapon dilləri paylaşıb. İtalyan və fransız dilini öyrənmək istəyənlər 4 faiz, ispan dilini öyrənmək istəyənlər 3 faiz, ərəb dilini öyrənmək istəyənlər isə 1 faiz təşkil edir.
Sorğu iştirakçılarının 13 faizi xaricə səyahət etmədikləri üçün xarici dil öyrənmək istəmədiklərini bildiriblər.
Ukraynada müharibə başlayandan sonra dil öyrənmək üçün müraciətlərdə xeyli artım müşahidə olunub. İvrit dili 206 faiz, gürcü dili 198 faiz, serb dili 184 faiz və çin dili 109 faiz tələb artıb. Bolqar dilinə 70 faiz, türk dilinə 55 faiz və erməni dilinə 29 faiz daha çox tələbat olub.
Qərb sanksiyalarından sonra çin dilini bilən mütəxəssislərə tələbat da artıb. HeadHunter-in araşdırmasına görə, çindilli mütəxəssislərə tələbat 2022-ci ildə pandemiyadan əvvəlki səviyyədən bir yarım dəfə, 2023-cü ilin birinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 40 faiz artıb.