Finlandiya hökuməti Rusiya vətəndaşlarına ölkədə mülk sahibi olmağı qadağan etməyə hazırlaşır.
Hafta.az-ın yazdığna görə, “Yle” ictimai yayımına danışan müdafiə naziri Antti Hakkanen rusların Finlandiyada mülk almasına tam qadağa qoymaq istədiklərini və bu mövzuda qanuni əsaslar axtardıqlarını bildirib.
Hakkanen, həmçinin Avropa İttifaqı və Avropa İqtisadi Bölgəsi (EEA) xaricindəki ölkələrdən olan şəxslərə və şirkətlərə daşınmaz əmlak satışı şərtlərinin sərtləşdiriləcəyini bildirib.
Hakkanen, "Gərəkli həll yolları yazda tapılacaq" deyib.
Finlandiyalı nazir, "Rusiya vətəndaşlarına edilən bəzi satışlarda milli təhlükəsizlik problemi yarada biləcək əlaqələr aşkarlanıb. Lakin belə hallar hər zaman aşkar olunmaya bilər. Ona görə də tam qadağa ən yaxşısı olar" deyib.
Finlandiya hökuməti sonuncu dəfə ötən ilin əvvəlində EEA-dan kənar ölkələrin vətəndaşlarının əmlak alması üçün şərtləri sərtləşdirib. Həmin vaxt qəbul edilən qərarla Müdafiə Nazirliyinə həmin əmlakın hansı vəsaitə alındığını araşdırmaq səlahiyyəti verilib, hərbi strukturların bir kilometrliyindəki daşınmaz əmlakın satışını dayandırmaq hüququ da verilib.
Finlandiya Müdafiə Nazirliyi 2022-ci ilin noyabrında əcnəbilərə əmlak satışı üzrə xüsusi işçi qrupu yaradıb.
Son illər Qərb mediasında yer alan xəbərlərdə bir çox Rusiya vətəndaşının Finlandiya və Rusiya sərhədinə yaxın bölgələrdə ev aldığı iddia edilir.
Ukrayna müharibəsi ilə iki ölkə arasında gərginlik xeyli artıb. Keçən ay Finlandiya hökuməti Kremlin ölkədəki mühacirləri sərhəd xəttinə istiqamətləndirməsini əsas gətirərək Rusiya ilə sərhədini tamamilə bağlayıb.