Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata görə, Abşeron yarımadasında gecə 22-25, gündüz 28-31, Bakıda gecə 23-25, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 749 mm civə sütunundan 752 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti olacaq.
İyunun 21-də Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.