İyulun 10-da Ali Məhkəmədə Latviya Respublikasının Konstitusiya Məhkəməsinin sədri İrena Kutsinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Ali Məhkəmədən Hafta.az-a bildirilib ki, məhkəmənin sədri İnam Kərimov Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib. Görüş çərçivəsində qonaqlara ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar, həmçinin rəqəmsal transformasiya sahəsində görülən işlər barədə ətraflı məlumat təqdim olunub.
Diqqətə çatdırılıb ki, məhkəmə sistemində müasir informasiya texnologiyalarının tətbiq dairəsi genişləndirilir, hakimlərin seçilməsi prosedurları beynəlxalq standartlara uyğunlaşdırılır, qanunvericilik bazasının təkmilləşdirilməsi isə davamlı xarakter daşıyır. Eyni zamanda vurğulanıb ki, məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə süni intellekt və digər innovativ rəqəmsal həllərin tətbiqi göstərilən məhkəmə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Nümayəndə heyətinin rəhbəri İrena Kutsina məhkəmə-hüquq sahəsində Azərbaycan ilə Latviya arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. O, Azərbaycanın məhkəmə sistemində həyata keçirilən islahatları və əldə olunan nəticələri yüksək qiymətləndirib.
Görüş zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.