Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayının rəsmi statistikadan xeyli çox ola biləcəyi barədə xəbərdarlıq edib.
Hafta.az xəbər verir ki, bunu ÜST-nin Fövqəladə Hallar Proqramının direktoru Çikve İkveizu “Reuters” agentliyinə müsahibəsində bildirib.
Vurğulanıb ki, ölkənin bəzi bölgələrində qeydə alınan Ebolaya yeni yoluxmaların hər beş halından dördü təmasda olmuş şəxslərin siyahısında yer almır. Bu, xəstəliyin faktiki yayılma miqyasının rəsmi məlumatlardan iki-dörd dəfə çox ola biləcəyini göstərir.
Əlavə olunub ki, İturi əyalətinin Bunia şəhərində epidemiya ocağında təsdiqlənmiş yeni xəstələrin 80 faizi təmasda olmuş insanların siyahısında yer almır. Bildirilib ki, təxminən bir milyon əhalisi olan Bunia şəhərində Ebola virusuna görə testdən keçirilən şəxslərin təxminən yarısında nəticə müsbət çıxıb. Bu isə infeksiyanın yerli icmalar arasında geniş və davamlı şəkildə yayıldığını göstərir.
Hazırda qeydə alınan yoluxmaların təxminən 90 faizi İturi əyalətində cəmləşib. Bununla yanaşı, virus Şimali Kivu və Cənubi Kivu əyalətlərinə, son olaraq isə Tshopo əyalətinə yayılıb.
Rəsmi məlumatlara əsasən, iyulun 9-dək ölkədə Ebola virusuna 1792 yoluxma halı qeydə alınıb, 625 nəfər isə xəstəlik nəticəsində həyatını itirib.