Sahil qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib. Görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri və ümumilikdə 250-dən çox qəsəbə sakini iştirak edib.
Hafta.az yazır ki, Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov deyib ki, Prezident İlham Əliyev tərəfindən, ölkə əhalisinin qaldırdıqları problemlər, sakinləri narahat edən sosial məsələlərin həlli daim diqqətdə saxlanılır, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rahatlığı və sosial vəziyyətin yaxşılaşdırılması dayanır.
Sakinlər görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərinin davam etdiyini, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə ölkə rəhbərinə öz təşəkkürlərini bildiriblər.
Daha sonra sualları cavablandıran başçı, məcburi köçkünlərin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin prezident İlham Əliyevin birbaşa nəzarətində olduğunu vurğulayıb. Daha sonra qəsəbə sakinlərindən 15 nəfəri fərdi qaydada dinlənilib, həlli mümkün problemlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə tapşırıqlar verilib.
Görüşün yekununda İcra Hakimiyyətinin başçısı S.Mikayılov bildirib ki, Qaradağ rayonun əhalisi sürətlə artır və buna müvafiq olaraq müəyyən tələbatlar ortaya çıxır. Rayon İcra Hakimiyyəti tərəfindən də həm meydana gələn tələbatları qarşılamaq, həm də yaranan problemlərin vaxtında həlli üçün lazım olan bütün addımlar atılır.
Başçı çıxışının sonunda qəsəbə sakinlərinə Prezident İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində görüləcək işlər barədə ətraflı məlumat verib.