Sakinlər yeni parkın istifadəsi ilə bağlı Prezidentə təşəkkür edirlər - REPORTAJ

12:12 02.10.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 1-də Bakının Nərimanov rayonundakı Atatürk prospektində yerləşən parkda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış oldular. Daha sonra parkda sakinlərlə görüşdülər.

Sakinlərlə görüşündə dövlət başçısı ilin əvvəlində parkdakı vəziyyətin acınacaqlı, dözülməz olduğunu bildirib: "Göstəriş verdim ki, burada abadlıq işləri aparılsın və 6,5 hektarı əhatə edən bu park qısa müddət ərzində yenidən quruldu, ən gözəl səviyyəyə çatdırıldı. İndi burada yaşlı nəslin, uşaqların, yeniyetmələrin və gənclərin istirahəti üçün bütün imkanlar var. Ümumiyyətlə, Bakı son illər ərzində bağlar və parklar şəhərinə çevrilibdir. Deyə bilərəm ki, parkların sayına görə biz dünya miqyasında ən qabaqcıl yerlərdəyik".

Dövlət başçısının sözlərinə görə, İndi Bakı dünyanın ən gözəl şəhərlərindən biridir: "Baxın, son illərdə şəhərimizdə nə qədər park salınıb. İlk növbədə, bizim ən böyük parkımız bulvar. Əvvəllər bulvarın uzunluğu 3 kilometr idi, indi 15 kilometrdir. Hər tərəf yaşıllıq, hər tərəf gözəl, hər tərəf abad. Heydər Əliyev Mərkəzinin və Konqres Mərkəzinin ətrafında 20 hektarı əhatə edən böyük bir park var. İndi uşaqlar, yaşlı nəsil orada istirahət edir. Yusif Səfərov küçəsindəki park. Orada da yöndəmsiz binalar var idi, infrastruktur dağılmışdı. Orada da park salındı. Yəni, bu abadlıq-quruculuq işləri vətəndaşlar üçündür. Çünki vətəndaşlar ictimai yerlərdən istifadə etməlidirlər. Bu parkda da çox gözəl şərait yaradılıb.

Bakı şəhərinin problemlərinin həlli istiqamətində böyük işlər görülür. Bilirsiniz ki, bu yaxınlarda metronun “Koroğlu” stansiyasının yanında yeni Nəqliyyat Mübadilə Mərkəzinin açılışını qeyd etdik. Yeni avtobuslar gətirilir. Bu il 300 avtobus gətirilib, əvvəlki dövrlərdə də gətirilib. Gələn il də ən azı 300 müasir avtobus gətiriləcək. Bakı o şəhərlərdəndir ki, metro tikintisi gedir. Deyə bilərəm ki, MDB məkanında yalnız Rusiyada və Azərbaycanda metro tikintisi davam etdirilir. Bu il 30 yeni vaqon gətirilib. Bu vaqonlarda həm kondisioner, həm də gözəl şərait var. Bütün bunlar vətəndaşların rahatlığı üçün edilir. İndi mənim təşəbbüsümlə nümunəvi həyətlər qurulur. Bütün həyətlər abadlaşdırılacaq və həyətlərdə bütün şərait yaradılacaq. Lift təsərrüfatı yenilənir. Bu məqsədlə 40 milyon manat vəsait ayrılıb".

Artıq park şəhər sakinlərinin istifadəsinə verilib. Biz də yolumuzu həmin ünvandan saldıq. Parkda istirahət etməyə gələn paytaxt sakinləri ilə söhbətləşdik. Sakinlər bu cür gözəl şəraitin yaradılması, onların istirahətinin səmərəli təşkilindəki diqqətinə görə dövlət başçısına minnətdarlıq edirlər.

Yenicə istifadəyə verilən parkda istirahət edən Tofiq bəy də yaradılan şəraitdən xeyli razıdır. Və deyir ki, evim parka yaxın olduğu üçün bu parkın belə şəraitdə bizim xidmətmizə verilməsi göydən düşmə oldu:

"Səhər açılandan bu parkdayam və yaşıllığın ətrini hiss edirəm. Sanki təbiət qoynundakı kimi mənə xoş gəlir. Çox gözəl şərait yaradıblar. İrad tutub deməyə bir söz qalmır".

İsmayıl bəy də parkda dincələn sakinlərdəndir. Bu parka görə "yalnız və yalnız təşəkkür edə bilərəm" deyir:

"Ümid edirəm ki, bütün sakinlər razı qalacaq. Narazı qalmaq üçün səbəb var? Narazı qalmaq üçün bir şey qoymayıblar. Təşəkkür edirəm".

Qeyd edək ki, parkda uşaqların əyləncəsi üçün də şərait yaradılıb. Balaca sakinlər üçün ayrıca bir sıra əyləncə vasitələri qurulub.

Öz oğlu ilə vaxtını səmərəli keçirən Teleh bəy də bundan razılıq edir:

"Hər şey əladır, uşaq əylənir, mən də dincəlirəm. Sağ olsunlar".

Parkın gözəlliyini seyr edən Çinarə xanım bizim jurnalist olduğumuzu öyrənincə bunları dedi:

"Bizim şəklimizi çək, bu bir təşəkkür mesajıdır. Görürsüz, uşaq necə şəndir. Bura çox gözəl qurulub. Nə qədər təşəkkür etsək azdır, asudə vaxtımızı bu gözəl parkda keçirə biləcəyik".

Səadət xanım isə həm razılıq edir, həm narazılıq. Razılıq edir ki, gözəl qurulub, istirahət üçün yaxşı təsir bağışlayır. Hərçənd, metronun çıxacaq hissəsi tərəfi bir az təmirsiz qalıb, yaxşı olardı ki, orada bura kimi qurulardı".

Qeyd edək ki, parkda yenidənqurma işlərinə cari ilin may ayından başlanılıb. Layihə çərçivəsində parkda əsaslı yenidənqurma işləri aparılıb, landşaft dizaynı yenilənib. Bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq onlar üçün xüsusi guşələr yaradılıb. Parkda uşaq əyləncə və trenajor qurğuları quraşdırılıb. Burada, həmçinin konsert meydançası da var. Şübhəsiz ki, bütün zəruri infrastrukturla təchiz olunan belə müasir parkların yaradılması turistlərin istirahətinin dolğun və maraqlı təmin olunması işində, onların ölkələrinə Bakıdan zəngin təəssüratlarla qayıtmalarında da böyük rol oynayır. Ümumi sahəsi 6.5 hektar olan bu istirahət məkanının yenidən qurulması bir daha nümayiş etdirir ki, Azərbaycan dövləti tərəfindən insanların rahatlığı, onların sağlamlığı, bir sözlə, vətəndaşların sosial məsələlərinin həllinə daim xüsusi həssaslıqla yanaşılır.