Azərbaycanda saxta kriptovalyuta satmaqda şübhəli bilinərək saxlanılan dəstə üzvlərindən biri Gülara Abdullayeva azadlığa buraxılıb. G.Abdullayeva barəsində istintaq müddətində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.
Həmin şəxs barəsində Cinayət Məcəlləsinin "Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə" maddəsi ilə ittiham irəli sürülüb. İstintaq və əməliyyat tədbirləri davam etdirilir.
Xatırladaq ki, başqa yerə getməmək barədə iltizam tədbiri cinayət prosesini həyata keçirən orqanın sərəncamında olmaq, həmin orqanın icazəsi olmadan başqa yerə getməmək, istintaqdan gizlənməmək, cinayətkar fəaliyyətlə məşğul olmamaq, təhqiqata, istintaqa və məhkəmə baxışına maneçilik törətməmək, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına gəlmək və yaşayış yerini dəyişmək haqqında istintaqı aparan orqana məlumat vermək barədə yazılı öhdəlik götürmək deməkdir. İltizamda göstərilən şərtlər pozulduğu halda həmin şəxs barəsində Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq, daha ciddi qətimkan tədbiri tətbiq edilə bilər.