Saxta müraciət, ikili oyun - AKTUAL

18:17 14.10.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Son illərdə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini və separatçılığın kökünü kəsməsini  Qərb ölkələri qəbul etmək istəmir. Onlar açıq şəkildə Bakını və onun milli maraqlarını hədəf almaqdadırlar. Əvvəlki dönəmlərdə bu ikili standartlar çox da qabardılmadan tətbiq edilirdisə, indi tamamilə başqa mənzərə yaranıb. Erməni işğalına son qoyaraq bölgədə qalıcı sülhü hədəfləyən Azərbaycanın atdığı addımlara süni əngəllər yaradılmağa çalışılır. Xüsusilə də bu məsələdə ABŞ və Fransanın öncüllüyü müşahidə edilir. Son günlərdə ermənipərəst konqresmenlər adından ABŞ Dövlət Departamentinə ünvanlanan anti-Azərbaycan müraciət diqqət çəkir.   

Nəhayət, rəsmi Bakı ən ali səviyyədə bir daha bu məsələlərə reaksiya verməyi lüzum bildi. Prezident İlham Əliyev Cəbrayıla səfəri zamanı bu ölkələrin daim Azərbaycan torpaqlarının işğal altında qalmasına çalışdığını deyib. Prezident Ermənistanın beynəlxalq hüququn bütün norma və prinsiplərini pozduğunu,  torpaqlarımızın, təxminən, 20 faizini işğal etdiyini, etnik təmizləmə siyasəti apardığını, Xocalı soyqırımını törətdiyini, bütün şəhər-kəndlərimizi viran qoyduğunu bəyan etməklə bu gücləri haqqa çağırıb, onlara öz xəbərdarlığını edib: 

“O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün. Bir tərəfdən sülhdən danışırlar, yalan-palan danışırlar, digər tərəfdən genişmiqyaslı silahlanma gedir. Silahları da kim verir onlara? Fransa və onun kimi anti-Azərbaycan ölkələr. O silahlar nə üçün onlara pulsuz verilir? Ancaq bu gün Cənubi Qafqazı rahat buraxsınlar, əl çəksinlər, getsinlər öz işləri ilə məşğul olsunlar, öz problemləri ilə məşğul olsunlar, öz qanlı keçmişlərini yusunlar, öz günahlarını yumağa çalışsınlar. Bu gün əzab verdikləri 100 minlərlə insanın müstəqilliyini bərpa etsinlər, müstəmləkəçilik siyasətinə son qoysunlar, xalqları əzməsinlər, hər yerə burunlarını soxmasınlar. Xəbərdarlığım budur və hesab edirəm ki, bunu eşidən və buna əməl edən səhv etməz”.

 Prezidentin çıxışından sonra Milli Məclis deputatlarının Azərbaycan xarici işlər nazirinə ünvanladığı müraciətdə də sözügedən məsələlərlə bağlı mühüm məqamlar yer aldı. Deputatların müraciətində bir sıra dairələrin Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən yararlanaraq, Azərbaycana hansısa məsələni qəbul etdirmək fikrinə düşdüyünü, ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin Dövlət katibi Antoni Blinkenə göndərdiyi müraciətin də bu qəbildən olduğunu bildiriblər. Müraciətdə Azərbaycana qarşı irqi ayrı-seçkiliyi ehtiva edən, böhtanla dolu, dialoq ruhuna zidd olan, müharibə cinayətkarlarının azadlığa buraxılmasına və Ermənistanın hərbiləşdirilməsinə çağırış edən bu “müraciət” qəbuledilməz hesab olunub.

Deputatlar öz müraciətlərində bildiriblər ki, ABŞ Senatı Azərbaycanın öz ərazisini işğaldan azad etmək, separatizmə son qoymaq üçün həyata keçirdiyi əməliyyatı “hərbi təcavüz” kimi dəyərləndirib. “Azərbaycanı “etnik təmizləmə”də ittiham edən ABŞ konqresmenləri Ermənistandan bütün azərbaycanlıların deportasiya edilməsinə, Qərbi Azərbaycan İcmasının elə həmin Antoni Blinkenə ünvanladığı müraciətlərə heç bir reaksiya verməyiblər.

Deputat Azər Badamov Prezidentin çıxışı zamanı verdiyi mesajlara diqqət çəkib. O bildirib ki,  torpaqlarımız işğal altında olduğu illərdə ölkəmizin ərazi bütövlüyünün bərpası ilə bağlı nə ABŞ, nə də Fransa danışmaq belə istəmirdi. Onlar Azərbaycanı işğalla barışmağa və alçaldıcı sülhə imza atmağa çağırırdılar.

A.Badamov qeyd edib ki, Qərbin Azərbaycana qarşı riyakar siyasəti davam etməkdədir:

"Azərbaycan torpaqlarını hərb yolu ilə azad edəcəyini bildirəndə Qərb, Avropa təsisatları münaqişənin həllinin olmadığını bildirirdilər. Halbuki BMT TŞ-nın 4 qətnaməsi icra olunmalı idi və Minsk qrupunun işi birbaşa bu idi. Ermənistanın işğal altında saxladığı ərazilərimizdəki bütün maddi-mədəni irsimizi viran qoyması Qərbin gözü qarşısında baş veririrdi. Bizi alçaldıcı sülhə dəvət edənlər ermənilərə güldən ağır bir söz demədilər. İndi isə Azərbaycan öz ərazi bütövlüyünü təmin etmişdir. O cümlədən işğaldan azad etdiyimiz əraziləri yenidən qurub bərpa edirik və keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qaytarırıq. Torpaqlarımız işğal altında olduğu dövrdə bizi işğalla barışdırmaq istəyənlər öz suverən ərazilərimizdə aparılan quruculuq işlərimizi həzm edə bilmirlər. Ona görə də Ermənistanı sürətlə silahlandırırlar və ABŞ-də Azərbaycana sanksiyalar tətbiq etmək planları üzərində işləyirlər. Azərbaycanla danışıqlarda sülh müqaviləsindən danışan ABŞ Dövlət katibi sanksiyalarla bağlı məktublar hazırlayır. Bu, riyakarlığın və ikiüzlülüyün son həddidir. Beynəlxalq hüquq və ölkələrin ərazi bütövlüyndən danışanlar Azərbaycana gələndə bu məsələləri unudur və ölkəmizə təzyiq göstərərək cinayətkar Ermənistana haqq qazandırmağa çalışırlar. Ukraynanı ərazi bütövlüyünün bərpası üçün silahlarla təmin edir və hər cür yardımlar göstərilir.  Azərbaycanı isə ərazi bütövlüyünü təmin etdiyinə görə ittiham edirlər. Bu qədər riyakarlıq olarmı?! Onlar Azərbaycanla bağlı bir qərar qəbul etməzdən əvvəl ilk növbədə özlərinin çirkin və ləkəli tarixlərinə baxsınlar. Azərbaycan heç bir dairənin qarşısında baş əyməyəcəkdir".

A. Badamov qeyd edib ki, dövlətimiz öz ərazilərinin suverənliyini bərpa etdiyi kimi onu qoruyub saxlamaq iqtidarındadır:

“Kim bizim uğurlarımıza sevinib qəbul edirsə, onlar dostlarımızıdır. Kimlər uğurlarımza məyusdurlarsa və Ermənistanı yenidən revanşızmə hazırlayırlarsa onlar bizə dost ola bilməzlər. Azərbaycan heç kimin qarşısında baş əyməyərək müstəqil siyasət yürüdür. Heç kimin uğurlarımıza kölgə salmağna imkan verilməyəcək".

Professor Elşad Mirbəşir bildirir ki, ABŞ-nin Azərbaycana qarşı hazırkı qərəzli münasibəti yenilik deyil və bu münasibət Azərbaycanın müstəqilliyi dövründən bu günə qədər açıq və görünməyən formada davam edib:

"Hələ 1992-ci ildə Ermənistan sistemli şəkildə Azərbaycan torpaqlarını işğal edir, Azərbaycan xalqına qarşı terror həyata keçirirdi. Əslində ABŞ həmin dövrdə Ermənistana qarşı sanksiyalar tətbiq etməli idi. Paradoksal reallıq ondan ibarət oldu ki, ABŞ Azərbaycana qarşı 907-ci düzəlişi qəbul etdi. Bu, Ermənistana açıq dəstək mesajı idi. ABŞ heç bir halda yanlışlıqla Azərbaycana qarşı bu düzəlişi qəbul etməmişdi, Ermənistana dəstək olmaq üçün bunu etmişdi.  Bu da ABŞ-nin Ermənistana "Azərbaycana qarşı işğalf davam et" mesajı idi. Bu, ona dəlalət edirdi ki, ABŞ Azərbaycanın dövlət müstəqillyii şübhə altına alır. Halbuki Azərbaycan Qarabağ da daxil olmaqla hazırki sərhədləri çərçivəsində BMT-yə üzv qəbul olunmuşdu. ABŞ, Fransa hər zaman işğalçı, terrorçu Ermənistana dəstək olub. Onun mövqeyi dəyişməz olaraq qalır və bunun dəyişəcəyinə ümid etmək sadəlohvlükdür”. 

E.Mirbəşir Azərbaycanın öz ərazilərini Ermənistan işğalından azad etməklə, əslində, ABŞ-nin, Fransanın yerinə yetirməli olduğu missiyanı yerinə yetirdiyini qeyd edib. Minsk Qrupunun həmsədrləri olan bu dövlətlərin əsas məqsədi Azərbaycan ərazilərinin anneksiyası istiqamətində hüquqi əsas yaratmaq idi:

“Azərbaycan hər zaman özünün ərazilərini hərbi yolla azad etmək gücündə idi.  Sadəcə olaraq regionda geniş miqyaslı müharibənin olmaması, qan tökülməməsi, həm də humanizm prinsiplərinə söykənərək keçmiş münaqişə vəziyyətini dinc vasitələrlə tənzimləmənin tərəfdarı idi. Lakin qarşı tərəf özünü fərqli aparırdı, ölkəmizə qarşı hərbi təxribatlarını, təcavüzünü davam etdirirdi.

2020-ci ilin iyul ayını yaxşı xatırlayırdıq. Hələ 2019-cu ildə Ermənistanın müdafiə naziri Tonayan açıq şəkildə bildirdi ki, "biz yeni ərazilər naminə yeni müharibə aparmaq istəyirik". Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra Konqresdə ölkəmizə qarşı dəfələrlə qərəzli müzakirələr həyata keçirildi. BMT TŞ platformasında ölkəmizə qarşı qərəzli qətnamələrin qəbul olunmasına cəhdlər edilirdi. Bunun arxasında ABŞ dayanırdı. ABŞ Konqresinin 60 üzvü sanksiyaların tətbiqi üçün çağırış edirlər. Bu riyakarlıq növbəti dəfə göstərir ki, ABŞ humanizm prinsipindən, insani dəyərlərdən çox uzaq ölkədir”.

E.Mirbəşir bu gün ABŞ-ın Azərbaycana qarşı siyasi hücumlarının əsasında konkret bir sıra vacib məqamların dayandığını qeyd edib:

“Birinci başlıca məqam ondan ibarətdir ki, Azərbaycan öz milli maraqları çərçivəsində tam müstəqil siyasət həyata keçirən dövlətdir. ABŞ belə dövlətləri qəbul etmir. Yəni, ABŞ-ın dəstəklədiyi dünya düzəni təkqütblü dünya düzənidir. Azərbaycan isə ABŞ-ın eqoist maraqlarına xidmət etmədiyini göstərir. Belə olan halda ABŞ ölkəmizə qarşı hücumlarə həyata keçirir.

İkinci məqam ondan ibarətdir ki, ABŞ regionda müharibə amili faktorunun aradan qaldırılmasını istəmir. Münaqişə amili ABŞ və Fransaya regionda öz varlıqlarını təmin etmək imkanı verirdi. Azərbaycan münaqişə amilini aradan qaldırmaqla ABŞ-ın əlindəki bu imkanı aradan çıxartmış oldu. Azərbaycanın atmış olduğu addımlar Cənubi Qafqaza sabitlik, təhlükəsizlik imkanları gətirdi. Bu da ABŞ-ı qane etmir”.

E.Mirbəşir hesab edir ki, ABŞ-nin hegemon polis rolu dünyaya ciddi bəlalar gətirir və  bu bəlaya qarşı mübarizə aparmaq istəkləri ortaya qoyulmaqdadır:

“Azərbaycan milli maraqlarını çox inamla müdafiə edir. Ona görə də ABŞ-ın bundan sonrakı cəhdləri bəri başdan fiaskoya düçardır”.

Professor Kamilə Əliyeva Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğal altında olan ərazilərinin azad olunduğunu, müstəqilliyimizin, suverenliyimizin tam təmin edilməsinin bir sıra hegemon dövlətlər tərəfindən həzm edilmədiyini qeyd edib. O, bildirib ki, Azərbaycan Prezidenti erməni işğalı altında olan torpaqlarımızı azad etməklə yanaşı, beynəlxalq hüququn aliliyini də təmin etdi və bununla Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasında böyük imkanlar yaratdı.

Professor hesab edir ki, regionda yaranan bu reallıq xarici gücləri qane etmədiyi üçün gərginliyi alovlandırmaq məqsədi ilə çapalayır, qərəzli oyunlar qururlar:

“Təəssüflər olsun ki, bəzi dövlətlər, siyasi dairələr  Azərbaycanın COP29-a ev sahibliyi etdiyi bir ərəfədə ölkəmizə qarşı yalan, qərəzli böhtan fikirlər səsləndirir, əsassız bəyanatlar qəbul etmək niyyətini güdürlər. ABŞ Senatının və Nümayəndələr Palatasının oktyabrın 3-də bu ölkənin dövlət katibi Antoni Blinkenə göndərdiyi müraciət də bu qəbildəndir. Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşü zamanı etdiyi çıxışında qətiyyətli, açıq şəkildə ABŞ Dövlət Departamentinin Azərbaycanı hədələmək üçün özü özünə məktub ünvanladığını bildirdi. Demokratiyadan, insan hüquqlarından dəm vuran ABŞ İraqda, Əfqanısatanda və dünyanın bir çox ölkələrində müharibələr törətmiş, milyonlarla insanın qətlə yetirilməsinə səbəb olmuşdur. ABŞ bu günə qədər də İnsan Hüquqları Kovensiyasına qoşulmayıb. Minsk qrupunun həmsədri olan ABŞ Fransa ilə bərabər   Azərbaycan torpaqlarının 30 il işğalda qalmasına şəriait yaratmışdır.  ABŞ-ın ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı yersiz ittihamlarının heç bir əsası yoxdur.  Ölkəmizə qarşı olan siyasi, hərbi təxribatların qarşısı qətiyyətlə alınacaqdır”.

Siyasi analitik Azər Hüseynov Prezidentin  çıxışında yer alan məqamlara və verdiyi mesajlara diqqət çəkərkən bildirib ki, Azərbaycan dövləti bu ikili yanaşmaları siyasi və iqtisadi addımları ilə zərərsizləşdirir:

“Qeyd etmək lazımdır ki, Azərbaycanın regionun aparıcı dövlətləri ilə Rusiya, Türkiyə və İranla son zamanlar həyata keçirdiyi siyasi addımlar Qərbdə narahatlıq doğrurur. Amma Azərbaycanın dövlət iradəsi regional nəhənglərin siyasi davranışlarını diqqətdə saxlayır".

Ekspert qeyd edir ki, Azərbaycanın geosiyasi, coğrafi mövqeyi, eləcə də onun malik olduğu digər imkanlar Cənubi Qafqazın digər ölkələrində yoxdur. Azərbaycanın İkinci Vətən müharibəsində qalib gəlməsi bölgənin müvazinətini dəyişib.

A.Hüseynov bildirir ki, Azərbaycan ciddi ixracatçıdır, həm də maliyyə sisteminin iştirakçısıdır. Tərəfdaşı olduğu şirkətlərin bir çoxu Qərb şirkətləridir. Bununla belə, Qərb dövlətlərinin və təşkilatlarının siyasi davranışları ikili xarakter daşımaqdadır:

"Bütün bunlar bir sıra məqamlardan xəbər verir. Bunlardan biri də odur ki, Qərb siyasi isteblişmentində vahidlik yoxdur. Erməni diasporunun siyasi dəstəyini almaq üçün fərqli bəyanatlar verir və sənədlər dərc edirlər. Bu işdə Dövlət Departamentinin də zaman-zaman fəaliyyətləri nəzərə çarpır. Bütün bunlar Azərbaycan dövlətinin, xüsusi ilə Prezident İlham Əliyevin diqqətindədir. Prezident fikirlərində bu ikili yanaşmaların qaynaqlandığı nöqtələri göstərir. Bütün bunların siyasi maraqları ifadə etdiyini söyləyir. Bunun əsasında da addımlar atır".