Şəhər xəstəxanalarının Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyinə verilməsi üzrə işlər icra olunur - Dövlət Agentliyi

17:27 02.05.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun fondunun 8000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilmişdi. Belə ki 2021-ci ildə qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulurdu.

Bu barədə hafta.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib:

"2022-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən də dövlət və neft sektorunda çalışanlar kimi aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.

Səhiyyənin inkişafında əsas amillərdən olan kadr təminatının yaxşılaşdırılması, kadrların təkmilləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər icra olunur. Bu məqsədlə Agentlik tərəfindən vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” təsdiq edilib. Proqramda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində kadr çatışmazlığının aradan qaldırılması məqsədi ilə Avropa İttifaqı ölkələri, ABŞ və Türkiyə Cümhuriyyətində və s. ölkələrdə təhsil almış azərbaycanlı həkim-mütəxəssislərin tibb müəssisələrində işə cəlb olunması üzrə vakansiyalar üzrə işə qəbulu həyata keçirilir. Proqram çərçivəsində hər il üzrə Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən tibb müəssisələrinə və ölkə üzrə tibbi ərazi bölmələri mərkəzlərinə tibb müəssisələrinin hər birinə 10 nəfərdən çox olmamaqla, ümumilikdə 100 nəfər həkim-mütəxəssisin (cərrahi və radioloji profilli ixtisaslar üzrə 60 nəfər, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 40 nəfər olmaqla) cəlb edilməsi nəzərdə tutulur.

Bununla yanaşı, regionlarda tibb heyəti üzrə kadr təminatını gücləndirmək üçün gələcəkdə paytaxtdakı tibb müəssisələrində çalışan tibb heyətinin regionlardakı tibb müəssisələrinə cəlb olunması planlaşdırılır. Bu məqsədlə Agentlik tərəfindən səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına dəyişiklik edilərək regionlara çalışmağa gedən tibb heyətinə əlavə mükafatların verilməsi nəzərdə tutulub. Əsas məqsəd regionlarda vətəndaşlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsini və tibbi xidmətlərə əlçatanlığı təmin etməkdir. Həmçinin bu tədbir ixtisaslı həkimlərin öz sahələri üzrə məlumat mübadiləsi aparmaqlarına, əldə olunan təcrübələr nəticəsində bilik və bacarıqlarını artırmaqlarına imkan yaradacaq.

Habelə, Agentlik tərəfindən 2021-ci ildən TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində struktur dəyişiklikləri aparılır. Aparılan dəyişikliklərin məqsədi xəstəxanaların kadr potensialı ilə maddi-texniki resurslarının birləşdirilməsi nəticəsində tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin yüksəldilməsidir. Eyni zamanda bir şəhər və ya rayonda vahid tibb müəssisəsinin yaradılması daha effektiv idarəetmə sisteminə təkan verəcək, həm həkim və qeyri-tibb heyətinin əməkhaqları artacaq, həm də maliyyə vəsaitlərindən daha səmərəli istifadə təmin olunacaq.

2022-ci ildə struktur dəyişiklikləri nəticəsində müalicə diaqnostika mərkəzlərinin rayon mərkəzi xəstəxanalarına birləşdirilməsi, ilkin səhiyyə xidmətinin göstərilməsi məqsədilə Ailə Sağlamlıq Mərkəzlərinin yaradılmasının davam etdirilməsi, habelə elmi-tədqiqat institutları və ixtisaslaşmış tibbi mərkəzlərin bəzilərinin fəaliyyətinin optimallaşdırılması həyata keçirilir. Eyni zamanda şəhər xəstəxanalarının Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyinə verilməsi üzrə işlər icra olunur".