Sənədsiz evlərə görə kompensasiya veriləcək?

17:06 09.03.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda sənədsiz evlərin inventarlaşdırılması təklif edilir. Bu barədə İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Məruzədə qeyd edilir ki, ombudsman əvvəlki illik məruzələrində ötən əsrin ortalarından etibarən Bakı şəhərində, onun ətrafındakı qəsəbə və kəndlərdə, o cümlədən, birgə təsərrüfatlara (sovxozlara) məxsus ərazilərdə müxtəlif şəxslər tərəfindən zəbt edilmiş torpaq sahələrində qanunsuz tikilmiş evlərin, habelə bələdiyyələr tərəfindən fərdi ev tikintisi üçün verilmiş torpaq sahələrində inşa olunmuş evlərin inventarlaşdırılması və dövlət qeydiyyatına alınması, eyni zamanda, həmin ərazilərdə və yeni yaşayış massivlərində daşınmaz əmlak və nəqliyyat infrastrukturu obyektlərinə ünvanların verilməsini təklif edib.

Yeri gəlmişkən, hökumət də sənədsiz evlərlə bağlı problemin həlli istiqamətində görülən işləri açıqlayıb. Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub ki, fərdi yaşayış evləri üzərində hüquqların qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş sənədlər olduğu təqdirdə həyata keçirilir. Şəhərsalma tikinti və torpaq qanunvericiliyinin tələblərinə riayət edilmədən inşa olunmuş fərdi yaşayış evləri ilə bağlı problemin köklü şəkildə həllinin aidiyyəti dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyəti çərçivəsində mümkünlüyü nəzərə alınaraq, İqtisadiyyat Nazirliyinin təşəbbüsü əsasında Prezident Administrasiyası rəhbərinin 2023-cü il 4 aprel tarixli məktubu və Nazirlər Kabinetinin müvafiq tapşırığı ilə İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və bir sıra yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin daxil olduğu idarələrarası işçi qrupu yaradılıb.

İşçi qrupunun 2023-cü il 22 iyun tarixində ilk iclası keçirilib. Bununla bağlı işçi qrupu tərəfindən müvafiq normativ hüquqi akt layihələrinin hazırlanması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, uzun illərdir sənədsiz evlərlə bağlı müzakirələr getsə də, təəssüf ki, ortada konkret iş yoxdur. Sənədsiz evlər problemi hələ də həllini tapmayıb. Hesablamalara görə, hazırda Bakı və ətrafında sənədsiz fərdi yaşayış evlərinin sayı 450-500 min arasındadır. Vətəndaşların belə mənzillərə "Çıxarış" ala bilməmələrinin əsas səbəbi isə ərazi ilə bağlı yaranan problemlərlə əlaqələndirilir. Həyət evləri çox zaman kənd təsərrüfatı, sənaye əhəmiyyətli, habelə müxtəlif dövlət mülkiyyətindəki torpaq sahələrində, mühafizə zolaqlarında, aktiv mədən və ya vulkanik ərazilərdə yerləşir. Bu evlərdən hansıların söküləcəyi, hansılara sənədlərin veriləcəyi isə hələ də bəlli deyil.

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, bu istiqamətdə dövlət səviyyəsində müzakirələr aparılsa da, məsələyə tam yanaşma ortaya qoyulmayıb: “Hələlik sənədsiz evlərin dəqiq sayını demək bir az çətindir. Yalnız inventarlaşdırma işləri həyata keçirildikdən sonra bəlli ola bilər. Ümumiyyətlə, sənədsiz evlərin gələcək taleyi qeydiyyat orqanının məsələyə yanaşmasından asılı olacaq. Fikrimcə, qeydiyyat orqanı bu tikililərin sənədləşdirilməsi istiqamətində maraqlı görünmür. Bu məsələdə obyektik və subyektiv yanaşmalar var, amma yanaşmaların əksəriyyəti subyektivdir. Son 2-3 ilin müşahidələri göstərir ki, qeydiyyat orqanı bu cür problemi saxladıqca, ortaya zəlzələ və digər problem çıxır. Vətəndaşlar mövcud reallığı nəzərə alaraq dəyərindən 10 dəfə çox artıq vəsait ödəyərək öz evlərini sənədləşdirirlər. Ortalığa qoyulan qərarlar, normativ hüquqi aktlar bu problemin daha qabarıq şəkildə ortaya çıxmasına səbəb olur. Əslində, 2019-cu ildə qəbul olunmuş konsepsiyada göstərilirdi ki, təyinatından asılı olmayaraq bütün torpaq sahələrində inşa edilmiş fərdi yaşayış evləri sənədləşdiriləcək. Bu məsələdə istisnalar var. Mühafizə zolaqlarında yerləşən tikililər, avtomobil yolları, dəmiryol xətləri, yüksəkgərginlikli elektrik xətləri, magistral qaz və neft kəmərləri kimi mühafizə zolaqlarının ərazisində yerləşən tikililər söküləcək və onlara sənəd verilməyəcək. Eyni zamanda vulkanik və aktiv mədən ərazilərində yerləşən tikililər istisna olmaqla, digər tikililərin sənədləşdirilməsi məsələsinə baxılırdı. Sonradan bu proses dayandı. Bu gün yeni qərar qəbul olunacaqsa, bu istiqamətdə olacaq, çünki yanaşma bundan ibarətdir”.

Ekspert, həmçinin vurğulayır ki, bu gün təhlükəli ərazilərdə yerləşən evlər iki qrupa bölünür: “Birincisi, aktiv mədən əraziləridir ki, buraya hazırda istismar olunan neft buruqlarının ərazisindəki evlər daxildir. Məsələn, Balaxanı, Binəqədi ərazisindəki hansısa neft buruğu fəaliyyətdə olsa da, 10 metrliyində ev tikilib. İkincisi, vulkanik ərazilərdir ki, Abşeron palçık vulkanlarının sayına görə dünyada birinci yerdədir. Çox təəssüf olsun ki, bəzi kənar qəsəbə və kəndlərdə vulkanik ərazilərdə də evlər inşa olunub. Bundan başqa, mühafizə zolaqlarına düşən evlər var ki, buraya magistral neft, qaz kəmərləri, magistral su xətləri, avtomobil, dəmir yol xətləri, yüksək gərginlikli elektrik enerji xətləri olan ərazidəki evlər daxildir. Mühafizə zolaqlarına düşən evlərin sökülməsi məsələsi bir neçə il öncədən aktualdır. Həm də Nazirlər Kabineti müvafiq icra hakimiyyətlərinə sorğu göndərmişdi ki, hər bir qurum ərazisinə düşən bu cür evləri mentallaşdırsın. Bu, təxminən 2014-2015-ci illərə təsadüf edirdi və qurumlar da mentallaşma aparmışdılar. Belə evlərin də sayı 20 mini keçirdi. Bütövlükdə ilkin hesablamalara görə, bu cür ərazilərə düşən evlərin sayı təxminən 30-50 min səviyyəsindədir, ancaq bu evlərin sənədləşdirilməsi mümkün olmayacaq və sökülməlidir.

O ki qaldı kompensasiyanın ödənilməsinə, buna ən sonda qərar veriləcək. Bütün hallarda düşünürəm ki, kompensasiya ödənilmə yolu ilə həyata keçiriləcək. Ölkə başçısı da fikirlərində bildirib ki, qanunsuz tikili yoxdur, sənədsiz tikili var. Yəni bu evlər yağışdan sonra çıxan göbələklər kimi bir gecədə qalxmayıb, bir evin tikilməsinə bir neçə ay lazımdır. Həmin bir neçə ay ərzində icra hakimiyyəti ortqanlarının nümayəndələri dəfələrlə ərazilərin monitorinqini aparıblar və müəyyən ediblər ki, o ərazidə evlər tikilib. İcra hakimiyyətinin o evin tikilməsinə necə, niyə, hansı şərtlər daxilində icazə verdiyi araşdırılmalıdır. Gərək gələcəkdə belə icazələr verilməsin, qanunsuz tikililərin sayının qarşısının alınması üçün bu istiqamətdə işlər görülsün. Bütün hallarda hökumət belə bir sosial problemin yaranmasına gətirib-çıxarmayacaq və bu istiqamətdə kompensasiya ödənişləri həyata keçiriləcək”.