Birləşmiş Millətlər Təşkilatı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının baş katibi Saymon Stil bildirib ki, rəhbərlik etdiyi qurum ölkələrə əməli yardım göstərmək üçün səylərini əsirgəmir.
Hafta.az-ın yazdığına görə, Bonn İqlim Konfransı çərçivəsində çıxış edən Stil izah edib ki, UNFCCC Katibliyi 150 ölkədən 1100-dən çox mütəxəssisə təlim keçib və digər hökumətlərarası təşkilatlar da daxil olmaqla minlərlə praktikantın potensialını artırıb.
Stil, "Bu ay istixana qazları ehtiyatlarını, hərəkətləri və dəstəkləri izləmək üçün yeni hesabat alətlərini təqdim edəcəyik" deyib və Microsoft ilə əməkdaşlıqda yeni bir iqlim məlumat mərkəzi hazırladıqlarını bildirib.
Ölkələrin roluna toxunan Stil, "Sehirli çubuq yoxdur. Hər ölkə üzərinə düşəni etməlidir. Əgər köməyə ehtiyacınız varsa, bizimlə əlaqə saxlayın" deyib.
Stil çıxışında tərəflərin bir-birini dəstəkləməsinin vacibliyini vurğulayıb. O bəyan edib ki, heç bir ölkə iqlim dəyişikliyi problemini təkbaşına həll edə bilməz, lakin hər bir ölkə başqalarından öyrənərək, birgə çalışaraq həllinə töhfə verə bilər.
Stil iqlim şəffaflığında paradiqmanın dəyişməsinə çağırıb. “Biz hesabatları yük kimi deyil, məlumatlardan öyrənmək və daha effektiv siyasətlər hazırlamaq, resursları ən çox ehtiyac duyulan yerə yönəltmək və fəxr etdiyimiz uğurları bölüşmək üçün əla fürsət kimi görməliyik. Birlikdə iqlimlə bağlı əlavə tədbirlər görə və həyatı yaxşılığa doğru dəyişə bilərik. Biz birlikdə Paris sazişi mexanizmini səfərbər edə və şəffaflığı təmin edə bilərik", - Stil deyib.