SOCAR-ın özəlləşdirilməsi gündəm mövzusu deyildir. SOCAR özəlləşdirilməyəcək, çünki dövlətin ən yaxşı aktividir. Pul gətirən belə aktivin gəlirliliyini bir başqası ilə niyə bölüşəsən ki?
Bu fikirləri hafta.az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.
Onun sözlərinə görə, SOCAR hazırkı strukturda 2005-ci ilin dekabrından fəaliyyətə start vermişdi və sonrakı illərdə öz aktivlərini xeyli genişləndirmiş və artırmağa nail olmuşdu. SOCAR 15 ildə Azərbaycan ölçüsündə MEGA səviyyəli bir qurumdan GİGANT səviyyəsinə qədər böyüməyə nail olub. Təbii ki, belə bir şəraitdə onun effektivliyini artırmaq üçün daha təkmil struktur və idarəçilik sistemi gərəkdir. Bunun da əsas müddəalarını Prezident öz fərmanında göstərib. Hesab edirəm ki, biz cari ilin ortasında, tam yeni bir SOCAR-ı müşahidə edə biləcəyik. SOCAR fasiləsiz iş rejimində işləyən bir qurumdur, ona görə də burada transformasiya çox ehtiyatla aparılacaq ki, istehsal prosesləri daha effektiv işləmək iqtidarında olsun”.