Soruşmaq lazımdır ki, onlara bu haqqı kim verib?! – Qabil Hüseynli

12:07 01.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Dövlət Departamentinin Dövlət katibi Entoni Blinken Vaşinqtonda 2020-ci il üçün dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatında Azərbaycanda insan haqlarının pozulduğunu açıqlayıb. Qərəzlə dolu bu hesabatda bildirilir ki, Azərbaycan Hökuməti sentyabrın 28-dən dekabrın 12-dək tətbiq etdiyi hərbi vəziyyətdə hərəkət və məlumata çıxış azadlığını məhdudlaşdırıb.

 Dağlıq Qarabağda hərbi münaqişə ilə əlaqədar qanunsuz qətllərin,  mülki şəxslər arasında tələfatların və qeyri-insani rəftar kimi insan haqları pozuntularının müşahidə olunduğunu bildiriblər. Demokratiya carçılarının bu ədalətsiz, cəfəng iftiraları ölkə ictimaiyyəti tərəfindən qəzəblə qarşılanıb. Maraqlıdır, ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı hazırladığı bu qərəzli hesabat nəyə hesablanır?

Politoloq Qabil Hüseynli “Həftə içi”nə açıqlamasında bildirib ki, ABŞ Dövlət Departamenti belə bir cəfəng hesabatla insan haqları dəyərlərinə kölgə salmaqla yanaşı, tamamilə özünü  itirib. Politoloq hesab edir ki, ABŞ Dövlət Departamenti özlərinin xiristian təəssübkeşliyindən, kavanyal təsəvvürlərdən, dünənə qədər mənəvi qida aldıqarı nasist ideyalardan ilhamlanaraq başqa xalqları haqsız yerə günahlandırmaq istəyirlər.

“Soruşmaq lazımdır ki, onlara bu haqqı kim verib?! Azərbaycan xalqı çətin dövrünü yaşıyır. Azərbaycan pandemiya şəraitində öz əhalisini qorumaq üçün tədbirlər görür. Bunun sizə nə dəxli var? Ölkənin problemlərinə bax. Gündə silahlılar 10-15 nəfəri yaralayır, sən onların hüquqlarını qoru. Sən get öz vətəndaşının dərdini çək, bizim qayğımıza qalma. Biz öz problemlərimizi özümüz həll edəcəyik. Belə davam edərsə ABŞ da hazırlanan qərəzli bəyanatlar bir çox xalqlar tərəfindən nəzərə alınmayacaq. Mən buna ağılsızlıq deyirəm”.

Politoloq bəyan edib ki, Azərbaycan xalqı tədricən, öz mentalitetinə, tarixi ənənələrinə uyğun olaraq demokratikləşmə yolu ilə irəliləyir. Onun sözlərinə görə, bu prosesdə ABŞ-ın Dövlət Departamentinin göstərişinə zərrə qədər də ehtiyac yoxdur.

“Azərbaycan xalqının 99 faizi bu fikirdədir. Ona görə də bu hesabatın qaraqəpiklik dəyəri yoxdur”.

Politoloq hesab edir ki, hesabatda Azərbaycanın ədalətli, haqq uğrunda apardığı müharibəyə ləkə salmaq istəkləri də müşahidə olunur.

“Sizdən soruşuram, biz mülki insanlar arasında qətilləri harda eləmişik. Faktları ortaya qoyun. Mən sizə sübut gətirim ki, erməni cinayətkarları döyüş zonasından kilometrlərlə aralıda yerləşən Gəncəni raket zərbələri ilə dağıdarkən onlarla mülkü insanlarımız həlak oldu. Hələ xarabalıqları qalır. Kor gözünüzü açıb yaxşı baxın! Bərdəyə qadağan olunmuş raketlərlə atəş açarkən yenə də onlarla mülkü vətəndaşımız həlak olub. Ümumilikdə, 100-dən çox mülkü vətəndaşımız qadağan edilən karset tipli raketlərin zərbəsi ilə qətlə yetirilib, 900-dən çox adam ağır  xəsarət alıb. İşğalda qalan torpaqlarımıza, əhalimizə qarşı edilən soyqırımların qanı soyumayıb. Niyə bu cinayətlərə görə Ermənistana qarşı heç bir sanksiya, hesabat xarakterli bəyanatları hazırlamırsınız!? Niyə bunlardan danışmırsan? 30 ildən artıq müddətdə torpaqları istila edilmiş, 1 milyondan artıq insanı etniktəmizləməyə məruz qalmış, qeyri-insanı şəraitdə yaşamağa məcbur edilmiş insanların əzab-əziyətindənniyə danışmırsan?! Təcavüzkarı müdafiə edən bu mövqe nədir?! Niyə xiristian təəssübkeşliyindən çıxış edərək erməni cinayətkarlarını müdafiə edirsiz?! Siz qeyri-obyektiv, subyektiv mülahizələrinizlə xalqlararası münasibətləri daha da korlayırsız”.

Politoloq bütün bunları nəzərə bildirib ki, ABŞ Dövlət Departamenti belə hesabatla Azərbaycanın müharibədəki zəfərinə kölgə salmaq və erməniləri yenidən ruhlandırıb  üstümüzə salmaq istəyir.  

“ABŞ Dövlər Departamenti təxribat xarakterli bu cür hesabatlarla bölgəyə sabitlik, əmin-əmanlıq deyil, qarşıdurma və müharibə vəziyyəti gətirir”.

 

Siyasət rubrikasından digər xəbərlər