“Sheki Open 2026” beynəlxalq şahmat turnirinin açılışı olub

23:12 19.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 19-da Şəki şəhərində “Sheki Open 2026” beynəlxalq şahmat turnirinin təntənəli açılış mərasimi olub.

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, yarışın təşkilatçısı Təbriz İdrisov və VMF şirkətinin rəhbəri Vahid Mustafayev çıxış edərək turnirin əhəmiyyətindən, Azərbaycanın şahmat ənənələrindən bəhs edib, iştirakçılara uğurlar arzulayıblar. Yarışın fəxri qonaqları sırasında Azərbaycan Şahmat Federasiyasının 1-ci vitse-prezidenti Faiq Həsənov da yer alıb.

Sonra turnirin baş hakimi, beynəlxalq dərəcəli hakim Şaiq Quliyev yarışın qaydaları və təşkilati məsələlər barədə iştirakçılara məlumat verib.

Rəsmi hissənin sonunda fəxri qonaqlar tərəfindən ilk rəmzi gediş edilib və “Sheki Open 2026” beynəlxalq şahmat turnirinə start verilib.

Turnirdə Azərbaycanla yanaşı, Macarıstan, Hindistan, İsrail, Qazaxıstan, Çin, İran, Türkiyə, Ukrayna və FIDE bayrağı altında çıxış edən şahmatçılar daxil olmaqla, 9 ölkədən 400-dən çox şahmatçı iştirak edir. Beynəlxalq reytinq hesablamalı turnir İsveçrə sistemi üzrə 9 turdan ibarətdir. Yarış iştirakçıları A, B və C qruplarında, həmçinin rapid və blitz turnirlərində mübarizə aparacaqlar. Turnirin reytinq favoriti Macarıstan təmsilçisi, qrossmeyster Sanan Sjugirovdur (2556).

Turnir peşəkar şahmatçılarla yanaşı, gənc istedadların inkişafı üçün də mühüm platforma hesab olunur. Yarışda beynəlxalq qrossmeysterlər, beynəlxalq ustalar, FIDE ustaları və müxtəlif yaş kateqoriyalarında çıxış edən perspektivli şahmatçılar iştirak edirlər. Beynəlxalq şahmat yarışlarının təşkilində zəngin təcrübə qazanan Azərbaycan növbəti dəfə dünyanın müxtəlif ölkələrindən olan şahmatçıları bir araya gətirərək ölkənin idman potensialını və turizm imkanlarını nümayiş etdirir.

“Sheki Open 2026” beynəlxalq şahmat turniri iyunun 25-dək davam edəcək. Həmin gün qaliblərin mükafatlandırılması mərasimi də keçiriləcək.