Şotlandiyanın baş naziri Londona kəskin reaksiya verib

09:32 16.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qayınanası və qayınatası Qəzzada qalan Şotlandiyanın baş naziri Həmzə Yusif bildirib ki, Böyük Britaniya hökuməti fələstinlilərin həyatına israillilər qədər dəyər vermir.

Hfata.az-ın “Sky News”a istinadən yazdığına görə, rəhbərlik etdiyi Şotlandiya Milli Partiyasının bu həftəsonu keçirilən illik qurultayından əvvəl müsahibə verən baş nazir Yusif rəsmi Londonu hədəf alıb.

İngiltərədəki bəzi siyasətçilərin Qəzza xalqına zərrə qədər də rəğbət bəsləmədiyini ifadə edən Yusif, "Birləşmiş Krallıq hökumətimiz İsrailin müttəfiqi kimi etibarlı mövqeyindən istifadə edərək kollektiv cəzaları dayandırmalıdır. Fələstinlilərin və israillilərin həyatı eyni dərəcədə dəyərlidir” deyib.

Yusif ötən həftə həyat yoldaşının ailəsinin Həmasın hücumlarından sonra Qəzzada qapalı vəziyyətdə qaldığını açıqlayıb. Şotlandiya liderinin həyat yoldaşının ailəsinin hücumlardan əvvəl Qəzzaya xəstə qohumunu ziyarət etmək üçün getdiyi bildirilib.

Baş nazir Yusif cümə günü “Sky News”a müsahibədə İngiltərə lideri Rişi Sunakın hələ də ailəsinin vəziyyəti ilə bağlı onunla əlaqə saxlamadığını söyləyib.

Yusif İsrailə gedən dövlət naziri Ceyms Kleverliyə yazdığı məktubun cavabını almadığı üçün “qəzəbli və məyus olduğunu” da bildirib.

Şotlandiya lideri 4 yaşlı qızına “Hellouin” bayramında nənəsinin evdə olacağını söylədiyini, lakin o, bundan əmin olmadığını bildirib. Baş nazir BBC-yə müsahibəsində vəziyyətlə bağlı özünü tək və gücsüz hiss etdiyini bildirib.

Yusifin qayınanası Elizabet əl-Nakla, bu yaxınlarda Qəzza zolağında qaldığı evdən bir video paylaşaraq, "İnsanlıq haradadır? Bu gün bunun baş verməsinə icazə verənlərin qəlbləri haradadır? Allah köməyimiz olsun, sağ olun” deyə bildirib.