Sülhdən bezən Taliban döyüşçüləri cihad üçün başqa ölkələrə gedirlər

09:30 17.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın aparıcı qəzetlərindən olan “The New York Times” Əfqanıstandakı sülh mühitindən bezən Taliban döyüşçülərinin Pakistana gedərək cihadı davam etdirmək istədiklərini yazıb.

Hafta.az-ın “The New York Times”a istinadən yazdığına görə, son vaxtlar bir çox döyüşçü Pakistan Talibanına (Tehrik-i-Taliban Pakistan/TTP) qoşulub və bu, həm ətraf ölkələrdə, həm də Əfqanıstandakı Taliban administrasiyasında narahatlıq yaradıb.

Hesabatda Əfqanıstan Talibanından qaçıb TTP-yə qoşulan döyüşçülərin dəqiq bilinmədiyi, bu rəqəmin “on minlərlə keçmiş Taliban döyüşçüsü arasında kiçik bir azlığı təşkil etdiyi” yazılmışdı.

Taliban Xarici İşlər Nazirliyinin sözçüsü Abdulkahar Belhi, qaçaraq TTP-yə gedən döyüşçüləri qəbul etmədiklərini bildirib:

Bu, gənc kişilərin həyəcan və macəra axtardığı Amerikadan Avropaya, Asiya və Afrikaya qədər bir çox ölkədə yaygındır. Bu avantüristlik ümumi tendensiyaları və ya ictimai rəyi əks etdirmir, əksinə, onlar anomaliyadırlar.

Vəhdət kimliyini paylaşan Taliban döyüşçüsü, "Ölkəmizdə sülh və təhlükəsizlik bərqərar oldu, indi başqa ölkələrdə döyüşüb oradakı müsəlmanların hüquqlarını təmin etməliyik" deyib. Adını Malanq olaraq paylaşan Taliban üzvü, "Başqa ölkələrə gedib cihadımıza davam etmək burada qalmaqdan daha vacibdir" yazıb.

22 yaşlı Vəhdət və Malanq polis olaraq xidmət etdiklərini və bir neçə ay sonra ölkədən qaçaraq TTP-yə qoşulmaq üçün Pakistana gedəcəklərini bildiriblər.

Talibana dəstəyin güclü olduğu Vardak vilayətindən Abdulbari Vasil Sərdar 17 yaşlı qardaşı oğlu Məhəmməd İdris Süheybin evdən qaçaraq TTP-yə qatıldığını və apreldə başlayan qarşıdurmada öldürüldüyünü bildirib.

38 yaşlı Sərdar "Kəndimiz müharibələrdən əvvəl yetişdirdiyi mühəndis və həkimlərlə tanınırdı. İndi gənc nəsillər ancaq cihadla maraqlanır" deyib.

Bu yerdə qeyd edək ki, Pakistan Taliban administrasiyasını qanunsuz keçidlərə göz yummaqda ittihamlayır.

Pakistan Quru Qoşunlarının Komandanı Asim Munir bazar günü verdiyi açıqlamada Talibanın TTP üzvlərinə ev sahibliyi edərək Əfqanıstanda terror təşkilatı şəbəkəsinin yaradılmasına dəstək verdiyini, sərhəd keçidlərinə daha yaxşı nəzarət edilmədiyi təqdirdə güc tətbiq etməli olacaqlarını bildirib.

Taliban sözçüsü Zabihullah Mücahid ittihamları rədd edərək, "Əfqanıstan torpaqlarından heç bir ölkənin təhlükəsizliyinə qarşı istifadə olunmayacaq” deyib.