Qərb, Rusiya müxtəlif səbəblərdən Ermənistan faktorundan istifadə etməyə çalışır"
2026-cı ildə Ermənistanda keçirilən parlament seçkilərindən sonra Azərbaycan əleyhinə bəzi Avropa siyasi dairələrində və beynəlxalq qurumlarda qəbul edilən qətnamələr regionda yeni geosiyasi mübarizənin tərkib hissəsi kimi qiymətləndirilir. Ermənistanın Qərbə inteqrasiyasını sürətləndirmək cəhdləri, Avropa İttifaqının İrəvanla siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirməsi fonunda Cənubi Qafqaz yenidən böyük güclərin rəqabət meydanına çevrilməkdədir. Bu şəraitdə Azərbaycana qarşı qərəzli yanaşmalar irəli sürülür. Həm Qərb, həm də Rusiya müxtəlif səbəblərdən Ermənistan faktorundan istifadə etməyə çalışır. Bir tərəfdən, Brüssel Ermənistanı öz geosiyasi təsir zonasına yaxınlaşdırmağa çalışır, digər tərəfdən Moskva regionda itirdiyi mövqeləri bərpa etmək üçün İrəvan üzərində təsir imkanlarını qorumağa. Nəticədə Azərbaycan müxtəlif istiqamətlərdən informasiya təzyiqləri ilə üzləşir.
Belə bir vəziyyətdə belə bir sual ortaya çıxır: Azərbaycana qarşı aparılan informasiya kampaniyaları hansı strateji məqsədlərə xidmət edir və regionun gələcəyi ilə bağlı hansı ssenarilər nəzərdən keçirilir? Bölgədə sülh prosesinə hansı maneələr yaradıla bilər?
Milli Məclisin deputatı Azər Badamov Hafta.az-a bildirir ki, Ermənistanda keçirilən seçkilərdə Nikol Paşinyanın yenidən hakimiyyətdə qalması Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması ehtimalını artırır. Bununla belə, yeni siyasi mərhələdə ilk növbədə parlament və hökumətin tam formalaşdırılması vacibdir. Bundan sonra Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsi ilə bağlı referendumun keçirilməsi məsələsi gündəmə gətirilə bilər.
Deputat qeyd edib ki, yeni parlament fəaliyyətə başlamadan referendumun vaxtı və nəticələri barədə qəti fikir söyləmək hələ tezdir. Lakin mövcud siyasi vəziyyət Paşinyan hökumətinə sülh gündəliyini irəli aparmaq üçün əvvəlki dövrlə müqayisədə daha əlverişli imkanlar yaradır:
“Hazırda yekun sülh müqaviləsinin imzalanması qarşısında əsas maneə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən müddəaların qalmasıdır. Bu məsələ həll olunmadan iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanması çətin görünür. Konstitusiya dəyişikliyi referendum yolu ilə həyata keçirilməlidir. Əgər Ermənistan hakimiyyəti bu istiqamətdə siyasi iradə nümayiş etdirərsə və cəmiyyətdə dəstək qazana bilərsə, bu məsələnin həlli real görünür. Azərbaycan isə öz növbəsində sülh gündəliyinə sadiq qalaraq humanitar və iqtisadi əməkdaşlıq istiqamətində addımlar atır. Ermənistan istiqamətinə tranzit yüklərin Azərbaycan ərazisindən keçməsinə şərait yaradılması, eləcə də enerji məhsullarının ixracı iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına xidmət edir. İqtisadi inteqrasiyanın genişlənməsi isə sülh prosesinin möhkəmlənməsinə əlavə töhfə verə bilər”.
A.Badamov bildirir ki, Azərbaycanın məqsədi Ermənistan dövləti və erməni xalqı ilə uzunmüddətli və davamlı sülhün təmin edilməsidir:
“Avropa Şurası Parlament Assambleyasında və bəzi Avropa institutlarında qəbul edilən qətnamələr isə regionda yaranmış yeni geosiyasi reallıqları tam nəzərə almır. Bu sənədlərin hazırlanmasında müəyyən siyasi dairələrin təsirinin olunduğunu düşünürəm. Azərbaycan nümayəndə heyəti AŞPA-nın fəaliyyətində iştirak etmədiyi halda belə, ölkəmizə qarşı tənqidi qətnamələrin qəbul edilməsi qərəzin və ikili standartların nümayişdir. Eyni zamanda, bu qətnamələrin hüquqi baxımdan məcburedici qüvvəsi yoxdur və Azərbaycanın mövqeyinə birbaşa təsir göstərmir.
Zəngəzur dəhlizi məsələsi isə artıq regional layihədən daha çox beynəlxalq geosiyasi rəqabətin predmetinə çevrilib. ABŞ, Avropa İttifaqı, Rusiya, Türkiyə və İran bu marşrutun gələcək taleyinə müxtəlif prizmadan yanaşırlar. Buna görə də dəhlizin reallaşması təkcə Azərbaycan və Ermənistan arasında razılaşmalardan deyil, həm də böyük güclərin maraqlarının uzlaşdırılmasından asılıdır”.
Onun sözlərinə görə, yekun sülh müqaviləsinin imzalanması Cənubi Qafqazda münasibətlər sistemini keyfiyyətcə yeni mərhələyə yüksəldə bilər. Bu, otuz ildən artıq davam edən qarşıdurmanın hüquqi və siyasi baxımdan yekunlaşmasına, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına və iqtisadi-ticari əməkdaşlığın genişlənməsinə şərait yaradacaq:
“Eyni zamanda, yeni mərhələdə əsas çağırış hərbi qarşıdurma deyil, sülhün institusional əsaslarının möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması, nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi olacaq. Bu proseslər uğurla həyata keçirilərsə, regionda uzunmüddətli sabitlik və təhlükəsizlik üçün daha əlverişli şərait formalaşa bilər”.