Mağazalarda “alternativ ödəniş” praktikası

15:02 02.07.2026 Müəllif:Arzu Zeynallı
Yazını böyüt
Yazını kiçilt

Bir çox mağaza və xidmət obyektində kassada POS-terminal olsa da, müştəridən ödənişi terminal vasitəsilə deyil, kartdan-karta köçürmə və ya nağd şəkildə etməsi xahiş olunur. Bəzən, buna müxtəlif texniki və ya təşkilati səbəblər göstərilsə də, bu halın nə dərəcədə qanuni olduğu, iqtisadi motivləri və istehlakçı üçün yaratdığı risklər müzakirə mövzusudur.

Bəs sahibkarlar niyə mövcud POS-terminallardan istifadə etmək istəmirlər? Bunun arxasında bank komissiyaları, vergi yükü, yoxsa qeyri-rəsmi dövriyyə ilə bağlı səbəblər dayanır? Bu praktika dövlətin nağdsız ödəniş siyasətinə necə təsir edir və istehlakçıların hüquqlarını hansı dərəcədə məhdudlaşdırır?

İqtisadçı ekspertlər Hafta.az-a danışdılar:

“Kartdan-karta ödənişlərin tələb olunması vergidən yayınma riskini yaradır”

Vüqar Bayramov, deputat:

- POS-terminallardan istifadə ilə bağlı vəziyyətə baxdıqda görürük ki, iri şəbəkə marketlərində bu sahədə demək olar, heç bir problem yoxdur. Vətəndaşlar həmin supermarketlərdə istər plastik kartla, istərsə də digər nağdsız ödəniş vasitələri ilə rahat şəkildə alış-veriş edə bilirlər. Bu obyektlərdə POS-terminallardan istifadəyə hər hansı məhdudiyyət qoyulmur və belə bir halın olmadığı bildirilir.

Müşahidələr göstərir ki, bəzi kiçik mağazalarda POS-terminallardan istifadə ilə bağlı müəyyən çətinliklər hələ də qalmaqdadır. Belə hallarda satıcılar POS-terminalın işləmədiyini və ya nasaz olduğunu bildirərək alıcılardan ödənişi kartdan-karta köçürmə yolu ilə həyata keçirmələrini xahiş edirlər.

Bununla belə, son aylarda, xüsusilə də son bir il ərzində bu istiqamətdə dövlət nəzarətinin əhəmiyyətli dərəcədə gücləndiyini müşahidə edirik. Nəticədə kartdan-karta köçürmələr vasitəsilə aparılan kommersiya əməliyyatlarının həm sayı, həm də həcmi azalmağa başlayıb. Kartdan-karta ödənişlər bəzi hallarda, xüsusilə xidmət sektorunda fəaliyyət göstərən sahibkarlar tərəfindən vergidən yayınmağa şərait yaradır.

Qeyd etmək lazımdır ki, qanunvericilikdə POS-terminallardan istifadə ilə bağlı hər hansı yeni dəyişiklik edilməyib. Mövcud qanunvericilik nağdsız ödənişlərin, o cümlədən POS-terminallardan istifadənin genişləndirilməsini təşviq edir və bu istiqamətdə dövlət siyasəti həyata keçirilir. Qanunvericiliyin icrasına nəzarət isə müvafiq dövlət qurumları tərəfindən təmin olunur.

Kartdan-karta köçürmələr heç bir halda alıcı üçün məcburi ödəniş üsulu ola bilməz. Əgər söhbət malın satışı və ya xidmətin göstərilməsi kimi kommersiya əməliyyatından gedirsə, ödəniş qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilməlidir. Belə hallarda kartdan-karta ödənişlərin tələb olunması vergidən yayınma riskini yaradır və qanunvericiliyin tələblərinə uyğun hesab edilmir.

Vətəndaşın şəxsi məqsədlərlə, məsələn, yaxın qohumuna və ya tanışına kart vasitəsilə pul köçürməsi tamamilə qanunidir və bunun kommersiya fəaliyyəti ilə əlaqəsi yoxdur. Yəni kartdan-karta köçürmələr şəxsi maliyyə münasibətlərində qanuni hesab olunsa da, mal satışı və ya xidmət göstərilməsi zamanı bu üsuldan istifadə edilməsinin tələb olunması qanunvericiliyin pozulması kimi qiymətləndirilə bilər.

“Bu, vergidən yayınmaq və ödənişləri rəsmi uçota salmamaq məqsədi daşıyan bəhanədir”

Vüqar Oruc, AQC sədri, iqtisadçı ekspert:

- POS-terminal olduğu halda, müştərilərdən ödənişin birbaşa kartdan-karta köçürmə yolu ilə qəbul edilməsi əsasən sahibkarların real dövriyyəni vergidən gizlətmək məqsədi daşıyır. Xüsusilə əlavə dəyər vergisi (ƏDV) ödəyicisi kimi qeydiyyata düşməmək və gəlirlər üzrə vergi öhdəliklərindən yayınmaq üçün bu üsula üstünlük verirlər.

Təəssüf ki, vətəndaşlarımız da çox zaman bu təşviqlərə loyal yanaşırlar. Halbuki qanunvericiliyə əsasən, bu cür hallara görə məsuliyyət nəzərdə tutulur. Vergidən yayınan sahibkarlar müvafiq cərimələrə məruz qalırlar və belə hallar təkrarlandıqda daha ciddi tədbirlər görülür.

Bu, məsələnin subyektiv tərəfidir. Obyektiv tərəfi isə ondan ibarətdir ki, ƏDV üzrə dövriyyə həddi hazırda çox aşağıdır. ƏDV həddinin dəyişdirilməməsi sahibkarlığın inkişafı baxımından ciddi problemlər yaradır. Xüsusilə pərakəndə ticarət və xidmət sahəsində çalışan kiçik sahibkarlar məhz ƏDV ödəyicisinə çevrilməmək üçün dövriyyələrini gizlətməyə çalışırlar. ƏDV ödəyicisi olmaq sahibkar üçün vergi yükünü əhəmiyyətli dərəcədə artırır. Nəticədə xərclər çıxdıqdan sonra əldə olunan mənfəətin böyük hissəsi müxtəlif vergi öhdəliklərinin yerinə yetirilməsinə yönəlir. Böyük müəssisələr üçün ƏDV ödəyicisi olmaq müəyyən üstünlüklər yarada bilər. Kiçik və orta biznes üçün bu, fəaliyyətə əlavə maliyyə yükü və ciddi inzibati nəzarət deməkdir. POS-terminal vasitəsilə edilən ödənişlər bank sistemində görünür və avtomatik olaraq vergi uçotuna düşür. Kartdan-karta köçürmə isə bank sistemində sadəcə fiziki şəxslər arasında pul köçürməsi kimi görünür və bir çox hallarda sahibkarın vergi öhdəliyini formalaşdırmır. Nəticədə real dövriyyə gizlədilir, kölgə iqtisadiyyatının genişlənməsi üçün zəmin yaranır və sahibkarlar vergidən yayınmaq yolu ilə daha çox gəlir əldə etməyə çalışırlar.

Bu istiqamətdə, artıq müəyyən nəzarət tədbirləri həyata keçirilir. Kart əməliyyatlarının monitorinqi aparılır, vətəndaş müraciətləri araşdırılır və gələcəkdə bu sahədə nəzarətin daha da güclənəcəyi gözlənilir.

Kartdan-karta köçürmənin ödəniş vasitəsi kimi istifadə olunmasının istehlakçılar üçün də ciddi riskləri var. Əgər vətəndaş aldığı məhsulla bağlı sonradan problem yaşayarsa, rəsmi qəbz olmadığından həmin məhsulun məhz həmin obyektdən alındığını sübut etmək çətinləşir. Bu isə istehlakçının hüquqlarının müdafiəsini zəiflədir. Bundan əlavə, bəzi hallarda kartdan-karta köçürmələr zamanı komissiya tutulmaları da baş verir ki, bu da vətəndaş üçün əlavə xərc yaradır.

Bu səbəbdən vətəndaşlara tövsiyə olunur ki, mağazalarda kartdan-karta ödənişlərdən mümkün qədər imtina etsinlər. Əgər sahibkar onları buna məcbur edirsə, qanunvericiliyin verdiyi hüquqlardan istifadə edərək etirazlarını bildirsinlər.

Əgər vətəndaşlar bu məsələdə prinsipial mövqe nümayiş etdirsələr, sahibkarlar da məcburən POS-terminal vasitəsilə ödəniş qəbul edəcəklər. Bu isə iqtisadi dövriyyənin şəffaflığının təmin olunmasına, pul axınlarının nəzarətdə saxlanılmasına, dövlət büdcəsinə vergi daxilolmalarının artmasına və nəticə etibarilə ölkənin iqtisadi gücünün möhkəmlənməsinə xidmət edəcək.

Digər mühüm məsələ nağdsız ödənişlərin təşviqidir. Dövlət və banklar elə təşviq proqramları həyata keçirməlidirlər ki, həm sahibkar, həm də vətəndaş POS-terminal vasitəsilə ödəniş etməkdə maraqlı olsun. Məsələn, kartla ödəniş edən sahibkarlar və istehlakçılar üçün müəyyən güzəştlər, əlavə üstünlüklər və ya stimullaşdırıcı mexanizmlər tətbiq oluna bilər.

Vacib məsələlərdən biri də bank komissiyalarının azaldılmasıdır. Çünki bəzi hallarda POS-terminal vasitəsilə həyata keçirilən əməliyyatlara görə bank komissiyaları sahibkarlar üçün əlavə xərc yaradır. Bu xərclərin azaldılması da nağdsız ödənişlərin genişlənməsinə müsbət təsir göstərə bilər.

Eyni zamanda dövlət tərəfindən monitorinqlər gücləndirilməli, nəzarət tədbirləri davam etdirilməlidir. Vətəndaşlara izah olunmalıdır ki, söhbət yalnız onların şəxsi maraqlarından getmir. Kartdan-karta qeyri-rəsmi ödənişlərin geniş yayılması dövlət büdcəsinə daxilolmaları azaldır, kölgə iqtisadiyyatını genişləndirir və nəticə etibarilə ölkənin iqtisadi inkişafına mənfi təsir göstərir.