Şuşada 103 tarixi abidənin təmirinə start verilib - Zahid Abbasov

17:11 06.01.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

 “Şuşa İli” elə öz adına layiq olacaq. Dahi şəxsiyyətlərin adları ilə bağlı illərimiz olmuşdu, amma rayon, region adı ilə heç vaxt belə bir il olmamışdı. Gələn il Şuşanın 270 illiyi qeyd olunacaq.

Bu fikirləri hafta.az-a Şuşa Şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri Zahid Abbasov deyib:

“Şuşa İli” bu mənada da əlamətdardır. “Şuşa İli” Şuşada gedən abadlıq işlərinin daha da sürətləndirilməsinə start olacaq. Bu, eyni zamanda, bizim düşmənlərimizə, bütün dünyaya bir daha mesaj verir ki, Şuşa qədim Azərbaycan şəhəridir,  onu unutmarıq və bütün Azərbaycan xalqı bu şəhəri sevir, qoruyur.  

Şuşanın Baş planı hazırdır və artıq 103 tarixi abidənin təmirinə start verilib. Sosial obyektlərin, istixanaların tikilməsi, bərpası başa çatdırılıb. İşlər çox yaxş gedir. Köçürülmələr olmasa da, yəqin ki, yaxın zamanlarda ona başlanacaq. Biz şuşalılar Prezidentimizə, Ali Baş Komandanımıza dərin minnətdarlığımızı bildiririk. Neçə illər ürəyimizdə qalan arzumuzu yerinə yetirdi. Əlbəttə k, ordumuza çox minnətdarıq. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Mən özüm də Qarabağ müharibəsi verteranıyam. Birinci Qarabağ müharibəsində 4 il Şuşanın müdafiəsində iştirak eləmişəm.  Yəqin ki, yaxın zamanlarda Şuşaya köçməyə başlayarıq. Tarixi abidə olan Şuşa məşhur memar Kərbəlayi Səfiqan tərəfindən böyük ustalıqla inşa edilib. Şuşa ilə bağlı gözəl memarlıq arxitekturası düşünülüb. Şuşada 17 məhəllə olub. Məhəllələrin hamısı Bazarbaşı deyilən meydana gəlib çıxır. Hansı küçədən getsən, gəlib o mərkəzə çıxacaqsan. Belə bir ansambl dünyanın heç yerində yoxdur.  Şuşada dövlət tərəfindən qorunan  348-dən çox abidə var. O vaxt qeydiyyata alınan abidələrin sayı o qədər olub. Amma əslində daha çoxdur. Şuşanın hər bir daşı tarixi abidədir. Şuşada adi asfaltdan yollar çəkilmirdi. Yollar xüsusi yonulan daşlardan düzəldilirdi. Elə evlər də o daşlardan tikilirdi. Ona görə də gözəl bir ansambl yaranırdı. Hər bir məhəllənin bulağı, hamamı, məscidi, çayxanası  və s. məkanları xüsusilə zövqlə tikilirdi. Bu şəhər özü abidədir. Tarixi qoruq kimi qorunur.  Fikirləşirsən ki, hansını deyim.  Bütöv Şuşa tarixi abidədir. Hazırda Pənah xanın sarayı layihəsi hazırdır. Bu günlərdə onun təmirinə başlanacaq. Cıdır düzü özü də bir gözəllik simvoludur. Cıdır düzünün mənzərəsi, orada havanın oynaması xüsusilə gözəldir. Cıdır düzündə qayaların sağı-solu çökəklikdir,  orada həmişə təmiz hava olur.

...Şuşa zadəganlar şəhəri idi. Kimliyindən asılı olmayaraq, Şuşanın adi fəhləsi də axşam işdən evə gəlirdi, kostyumunu geyinib ailəsi ilə Cıdır düzünə gəzməyə gedirdi. Bu adətin özü də elə belə şey deyildi. Fəhləsi də, vəzifəlisi də bir-birindən seçilmirdi. Şuşa bu cəhətdən həmişə sayılıb-seçilən şəhər olub. O vaxt bizim idarə Bakıya köçüb, amma ruhumuz həmişə Şuşa ilə olub. Allah deyən olsun,  yəqin ki, yaxın zamanlatrda Şuşaya köçərik...

Oxunma sayı 50