Tacikistanda 20-dən çox adam müəmmalı şəkildə öldürülüb

09:25 23.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tacikistanın Soqd vilayətinin Konibodom rayonunda 20-dən çox insan müəmmalı şəkildə öldürülüb. Baş Prokurorluq qətldə şübhəli bilinən 4 nəfərin həbs edildiyini açıqlayıb.

Hafta.az-ın “Sputnik Tacikistan”a istinadən yazdığına görə, bir neçə ailəni qətlə yetirməkdə şübhəli bilinən şəxslər barəsində cinayət işi başlanıb. Həbs edilən dörd nəfərin hamısı Konibodamın Gülboq, Lohuti və Həmroboyev kənd icmalarında doğulmuş 26-36 yaş arası kişilərdir.

Prokurorluq qeyd edib ki, müstəntiqlərin işinə bilavasitə ölkə rəhbərliyi tərəfindən nəzarət olunur və araşdırmalar davam edir.

Xatırladırıq ki, Konibodomda qətllər zənciri 2024-cü ilin aprel ayından başlayıb və bu hadisələrin bir-biri ilə əlaqəsi, yoxsa ayrı-ayrı hadisələr olduğu hələ də məlum deyil. Bu rayonda artıq 20-dən çox insan müəmmalı şəkildə həlak olub və istintaq hələ də bu cinayətlərin üstünü aça bilmir.

Bu yaxınlarda cəmi 8 gün ərzində 10 rayon sakininin üzərində zorakılıq əlamətləri olan meyit tapılıb. Bununla bağlı Soqd vilayətinin qubernatoru Rəcəbboy Əhmədzoda Konibodom rayonuna gedib və orada sakinlərlə görüşüb. O qeyd edib ki, cinayətlərin açılması və təqsirkarların cəzalandırılması üçün hüquq-mühafizə orqanları səfərbər olunur, cinayətkarların axtarışı üçün bütün tədbirlər görülür.