VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi başa çatıb

16:06 24.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransanın Kolmar şəhərində keçirilən VIII “Qardaşlaşmış Qarabağ məktəbləri” Yay Düşərgəsi yekunlaşıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən hafta.az-a bildirilib ki, Kolmar şəhərinin meşə mənzərələri ilə əhatə olunan ərazidə təşkil edilən düşərgədə Azərbaycanın ümumtəhsil məktəblərində təhsil alan şəhid övladları ilə Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin şagirdləri bir araya gəliblər.

Proqram çərçivəsində Kolmar və Strasburq şəhərlərinə ekskursiyalar təşkil olunub. Eyni zamanda, onların bilik və dünyagörüşünün artırılması, komanda ruhunun gücləndirilməsi məqsədilə maarifləndirici panellər, intellektual oyunlar, həmçinin mədəniyyət, idman və vətənpərvərlik mövzularında görüşlər keçirilib.

Proqramı uğurla başa vuran məktəblilərə sertifikatlar təqdim edilib.

Düşərgə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və təşkilatçılığı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi və Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ məktəbi”nin birgə əməkdaşlığı ilə təşkil olunub.