Taksi xidməti niyə qənaətbəxş deyil?! - PROBLEM

11:34 08.06.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son zamanlar Bakıda taksi xidməti ilə bağlı narazılıq durmadan artır. Narazı tərəf təkcə sərnişinlər deyil, həm də bu sahədə fəaliyyət göstərən sürücülərdir. Belə ki, sürücülər gedişhaqqının azlığından, sərnişinlər isə sürücülərin həm davranışlarından, həm nağdsız ödəmələrlə bağlı üzləşdikləri problemlərdən, həm də şirkətlər tərəfindən gedişin təxirə salındığı zaman onlardan  tutulan əlavə məbləğdən şikayətlənirlər.

Bundan başqa, paytaxtda taksilərin sayının həddən artıq çox olması ilə bağlı da fikirlər mövcuddur. Dəqiq rəqəm bilinməsə də, şəhərdə 30 mindən çox taksinin fəaliyyət göstərdiyi deyilir ki, bunlara da nəzarət edən konkret qurum yoxdur, həmçinin taksi fəaliyyətlərini tənzimləyəcək mexanizm də mövcud deyil. Son illər Bakıda tıxacların artmasını taksilərin sayının çoxluğu ilə əlaqələndirənlər də kifayət qədərdir.

Maraqlıdır, bəs mövcud problemlərin həlli yolları nələrdən ibarətdir? Bunun üçün hansı mexanizmlərin tətbiq olunmasına ehtiyac var?

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov  bildirib ki, Azərbaycanda bütövlükdə taksi xidmətlərində keyfiyyətin, eyni zamanda təhlükəsizliyin tənzimlənməsi çox vacibdir:

"Taksi şirkətlərinin keyfiyyətli xidmət göstərməsi, həmçinin taksi xidmətindən istifadə edən vətəndaşlarımızın təhlükəsizliyi çox önəmlidir. Çoxlu sayda fakt var ki, son illər taksi sürücülərinin sərnişinlərlə münasibətlərində kobudluq müşahidə olunur. Bəzi hallarda ailələr taksi xidmətindən istifadə etməyə tərəddüd edirlər. Ona görə də xüsusilə keyfiyyətin və sərnişinlərin təhlükəsizliyinin, sərnişinlərlə davranış qaydalarının tənzimlənməsinə ehtiyac var. Təbii ki, bu istiqamətdə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin addımlar atması olduqca vacibdir. İnkişaf etmiş ölkələrdə olduğu kimi, taksi xidmətləri həm yüksək keyfiyyət, həm də sərnişinlərin təhlükəsizliyini qorumaqla həyata keçirilməlidir. Ona görə düşünürəm, bu istiqamətdə məhz tənzimlənən mexanizmlərdən istifadə olunması, yeni qaydaların, mexanizmlərin, xüsusən də keyfiyyətin artırılmasını və sərnişinlərə münasibətdə sivil metodlardan istifadə edilməsi ilə bağlı hətta təlimlərin keçirilməsinə ehtiyac var. Bu sektorda keyfiyyət baxımından dəyişikliklərin olması üçün vacibdir".

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Eldəniz Əmirov isə qeyd edib ki, əslində, ölkədə taksi xidmətləri rəqabətin ən çox olduğu sahələrdən birincisidir. Onun sözlərinə görə, iqtisadiyyatın istənilən sahəsinin inkişaf etməsi üçün ən vacib şərt rəqabətdir. Rəqabət olmayan yerdə inkişaf da yoxdur:

“Taksi fəaliyyətində hər hansı qadağanın, məhdudlaşma tədbirinin tətbiqinin tərəfdarı deyiləm. Etiraf edək ki, taksi fəaliyyəti sahəsində problemlər var. Bu, keyfiyyətlə bağlı məsələdir. Keyfiyyəti həm təhlükəsizlikdə, həm müştərilərlə davranışda, həm də xidmətin digər parametrlərində görürük. Təbii ki, bunu da bazar tənzimləyir. Qiymət bu qədər aşağı olduğu halda yüksək keyfiyyətdən danışmaq mümkün deyil".

E.Əmirov deyib ki, minimal qiymətlərlə sərnişin daşımağa razı olan sürücüdən hər hansı yüksək xidmət gözləməyə dəyməz: “Düzdür, daha ucuz və ya bahalı taksi xidmətindən istifadə seçimi sərnişinlərə məxsusdur. Bu istiqamətdə müəyyən özbaşınalıqlar var. Əsasən, son vaxtlar taksi sürücülərinin xanımlara qarşı artan qeyri-etik davranışlarını birmənalı olaraq pisləyirəm. Onlara qarşı ən sərt cəzanın görülməsinin tərəfdarıyam. Problemlərin aradan qaldırılması istiqamətində konkret addımlar atılmalı, işlək mexanizm olmalı və nəzarət ciddiləşdirilməlidir".