Talibandan ismarıc: Dünya bizi tanımasa...

11:16 21.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanın daxili işlər naziri xəlifə Siracəddin Hakkani paytaxt Kabildə Əhmədzay qəbiləsinin başçıları ilə görüşüb.

Hafta.az-ın yazdığına görə, qəbilə toplantısında çıxış edən Hakkani əfqanların işğal dövründən sonra daha çox birləşməyə başladığını bildirib. Xalqın dəstəyi ilə uğurlu ola biləcəklərini ifadə edən Hakkani Əfqanıstanda İslam Əmirliyi idarəsini heç bir ölkənin tanımamasından da danışıb.

Digər ölkələrin Əfqanıstandakı mövcud idarəçiliyi tanımamasının onlar üçün çox fərqli bir vəziyyət yaratmayacağını bildirən Hakkani, "güclü bir millətin dəstəyi ilə hər şeyə nail ola bilərik" deyib.

Siracəddin Hakkani qeyd edib ki, milli maraqların şəxsi maraqlardan daha üstün olduğu başa düşülsə və bu istiqamətdə hərəkət edilsə, sistem daha da güclənəcək.

2021-ci ilin avqustunda Əfqanıstanda paytaxt Kabili ələ keçirərək hakimiyyətə gələn Taliban administrasiyası hələ də heç bir dövlət tərəfindən tanınmır.

1996-2001-ci illərdə ilk hakimiyyəti dövründə İslam Əmirliyinin idarəsi Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı tərəfindən rəsmi olaraq tanınmışdı.