Tarix dərsindən "iki" alan mer

13:46 07.05.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Nyu-York meri Zohran Mamdaninin Azərbaycan və Türkiyə əleyhinə səsləndirdiyi fikirlər həm rəsmi Bakının sərt reaksiyası, həm də ekspert müzakirələri fonunda daha geniş kontekstdə qiymətləndirilir. Mütəxəssislər bu cür açıqlamaların Vaşinqtonun rəsmi siyasətini əks etdirmədiyini bildirsələr də, onların ABŞ daxilində müəyyən lobbi qruplarının təsir imkanlarını və informasiya müstəvisində gedən rəqabətin miqyasını ortaya qoyduğunu vurğulayırlar.

“Belə çıxışlar Ermənistan daxilində revanşist qüvvələri ruhlandıra bilər”

Siyasi ekspert Bəhruz Quliyev Hafta.az-a bildirir ki, ABŞ kimi institusional dövlətlərdə xarici siyasəti şəhər merləri müəyyən etmir.

Bu, birbaşa Dövlət Departamentinin və Ağ evin səlahiyyətində olan məsələdir. Ona görə də bir şəhər merinin açıqlamasını Vaşinqtonun rəsmi xətti kimi təqdim etmək doğru olmaz. Bu cür bəyanatlar müəyyən siyasi dairələrin, xüsusilə də lokal səviyyədə təsir imkanlarına malik lobbi qruplarının mövcudluğunu göstərən indikator kimi dəyərləndirilə bilər.

Onun sözlərinə görə, ABŞ siyasətində lobbiçilik ənənəvi və leqal mexanizmdir. Xüsusilə də erməni diasporunun aktiv olduğu ştatlarda və şəhərlərdə bu təsir daha aydın hiss olunur. Bu baxımdan, belə çıxışların təsadüfi olduğunu düşünmək sadəlövhlük olar: «Bu, daha çox daxili auditoriyaya hesablanmış siyasi mesajdır və müəyyən seçici qruplarına yönəlib. ABŞ-də erməni diasporu təşkilatlanmış və maliyyə baxımından güclü strukturlardan biridir. Onlar, xüsusilə yerli seçkilərdə namizədlərə dəstək verməklə müəyyən təsir rıçaqları əldə edirlər. Bu təsir tam dominant olmasa da, bəzi siyasətçilərin ritorikasında özünü açıq göstərir».

Ekspert bu cür bəyanatların sülh prosesinə birbaşa yox, dolayı təsirini mümkünsayır:

“Belə çıxışlar Ermənistan daxilində revanşist qüvvələri ruhlandıra bilər və bu da sülh prosesinin tempinə mənfi təsir göstərə bilər. Son illərdə xeyli fəallaşma var, amma bu sahədə daha sistemli və koordinasiyalı fəaliyyətə ehtiyac qalır. İnformasiya müharibəsi artıq klassik diplomatiyanın ayrılmaz hissəsidir. O cümlədən  Zohran Mamdaninin bu çıxışı daha çox şəxsi siyasi mövqenin və daxili auditoriyaya hesablanmış ritorikanın qarışığıdır. Bu mövqenin formalaşmasında müəyyən təsir qruplarının rolunu da istisna etmək olmaz.  Bu, bir neçə amillə bağlıdır. Birincisi odur ki, bu,  illərlə formalaşmış yanaşmaların davam etməsidir. İkincisi, diaspor təsiridir. Üçüncüsü, regionda proseslərə təsir imkanlarını qorumaq istəyidir. Bəzi dairələr mövzu gündəmdə qaldıqca, öz siyasi rolunu da qorumuş olur”.

“Bu, siyasi həyasızlığın Zohran Məmdani dərəcəsidir”

Ekspert Əkbər Qoşalı bildirir ki, Nyu-York maliyyə və mədəniyyət mərkəzi olmaqla yanaşı, həm də ideoloji laboratoriya qismindədir.

Yəni mövzunun dil vasitəsilə formalaşdırılması, ideoloji çərçivəyə salınması, ictimai şüurda qəbul etdirilməsi prosesinindən danışırıq:

“Bu laboratoriyada zaman-zaman “tarix yenidən yazılır”, “yaddaş yenidən qurulur”, həqiqət isə, çox vaxt, siyasi sifarişə uyğun olaraq redaktə edilir. Son günlərdə şəhər meri Zohran Mamdaninin səsləndirdiyi və mediada tirajlanan ittiham xarakterli fikirlər də bu kontekstdən kənarda deyil. Azərbaycanı və Türkiyəni hədəfə alan məlum çıxış, ilk baxışda “tarixi ədalət” ritorikası ilə pərdələnsə də, əslində, çağdaş infosavaşın bir örnəyidir. Bir az da dəqiqləşdirək: deməli, yenə aylardan aprel, yenə ABŞ və yenə “erməni soyqırımı” çərənləməsi… Bu, siyasi həyasızlığın Zohran Məmdani dərəcəsidir!”