Şimali İraqdakı kürd qruplar arasında gərginlik yüksək olaraq qalır.
Hafta.az-ın yazdığına görə, Kürdüstan Demokrat Partiyası (KDP) rəhbərliyinin nəzarətində olan Ərbil məhkəməsi Kürdüstan Vətənpərvərlər Birliyinin (KYB) yüksək rütbəli 6 üzvünə ölüm hökmü çıxarıb.
Ötən ilin oktyabrında Ərbildə KYB-nin “Terrorla Mübarizə” bölməsinin keçmiş komandiri Havkar Abdullah Rəsul avtomobilinə yerləşdirilən bombanın partlaması nəticəsində öldürülüb. Hadisə ilə bağlı Ərbil məhkəməsi KYB-nin “Terrorla Mübarizə” bölməsinin indiki rəhbərlərinin bir çoxunu edam cəzasına məhkum edib.
Bölmənin rəhbəri Vahap Məcid Baki (Vahap Halabjayi) və kəşfiyyatçı Karzan Məhəmməd Rəşid, eləcə də bölmənin digər 4 üzvü onların yoxluğunda ölüm cəzasına məhkum edilib.
Məhkəmənin iyunun 8-də iş üzrə yeni qərarlar çıxaracağı gözlənilir.
Ərbildəki hücumda öldürülən Havkar Abdullah Rəsul 2021-ci ildə KYB-dən qovulub. Bildirilib ki, bu qərarın verilməsinə Havkar Abdullah Rəsul, Bafel Təlabani və Lahur Təlabani arasındakı fikir ayrılıqları səbəb olub.
Havkar Abdullah Rəsul daha sonra KDP-nin nəzarətində olan Ərbilə köçüb. KYB 2022-ci ilin oktyabrında öldürülən Havkar Abdullah Rəsulun ölümünə görə məsuliyyət daşımadıqlarını açıqlayıb.