İndoneziyanın Papua bölgəsində separatçı yaraqlılar fevralda girov götürdükləri Yeni Zelandiya pilotu Fillip Mehrtensin axtarışına çıxan 13 İndoneziya əsgərini öldürdüklərini açıqlayıblar.
Hafta.az-ın CNN-ə istinadən yazdığına görə, separatçı Qərbi Papua Milli Qurtuluş Ordusu (TPNBP) tərəfindən verilən açıqlamada Yal və Mugi bölgələrində iki hərbi məntəqəyə hücum edildiyi, 13 əsgərin şəhid olduğu bildirilib. Açıqlamada əsgərlərdən birinin cəsədinin ordu tərəfindən aparıldığı, lakin 12 cəsədin hələ də yanlarında olduğu iddia edilib.
İndoneziya ordusundan verilən açıqlamada Mehrtensin saxlandığı bölgə yaxınlığında baş verən qarşıdurmada 1 əsgərin öldüyü bildirilib. İtkin əsgərlərin olduğunu etiraf edən ordu bölgədəki hava şəraiti səbəbindən əsgərlərin mövqeyini müəyyənləşdirməyin çətin olduğunu qeyd edib.
Separatçı hərbçilər Yal bölgəsində girov götürülən 9 İndoneziya əsgərinin də bu hadisədən asılı olmayaraq edam edildiyini açıqlayıb. Bəyanatda bildirilib ki, Yaldakı hərbi məntəqəyə edilən hücum İndoneziya ordusunun martın sonunda bölgədə keçirdiyi əməliyyatın “qisası”dır. Sözügedən hadisədə hamilə qadın və iki separatçı yaraqlı həyatını itirib, ordu sözçüsü hücumla heç bir əlaqəsi olmadığını iddia edib.
Xatırladaq ki, Yeni Zelandiyadan olan pilot fevral ayında Nduqa bölgəsindəki Paro hava limanında Susi Hava Yollarına məxsus kommersiya təyyarəsini endirdikdən sonra silahlılar tərəfindən girov götürülüb. TPNBP pilotun azad edilməsi üçün Yeni Zelandiya və İndoneziya hökumətləri ilə sülh danışıqları aparmağı təklif edib, lakin hər iki hökumət bu təklifə məhəl qoymayıb. Əvvəlcə İndoneziya hökuməti Papuanın müstəqilliyini tanıyana və qoşunlarını bölgədən çıxarana qədər Yeni Zelandiya pilotunun azad edilməyəcəyini bildirən separatçı yaraqlılar daha sonra tələblərindən əl çəkiblər.
Cakarta administrasiyası tərəfindən “terror təşkilatı” kimi tanınan TPNBP Papua bölgəsinin müstəqilliyini müdafiə edir. 1969-cu ildə mübahisəli referendumla İndoneziyanın nəzarətinə keçən Papua ölkənin ən yoxsul bölgələrindən biri kimi görünsə də, zəngin yeraltı sərvətləri ilə diqqət çəkir.