Təyyarəyə lazer tuşlayan adama 2 il iş kəsildi

11:16 13.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da "Delta Airlines" şirkətinə məxsus təyyarəyə lazer tuşlayaraq sərnişinləri "inanılmaz təhlükə" ilə üz-üzə qoyan şəxs bu cinayətə görə mühakimə olunub.

Hafta.az-ın yazdığına görə, Viskonsin ştatının federal hakimi 2021-ci ildə baş verən hadisəyə görə cümə axşamı həmin kişini 2 il müddətinə həbsə məhkum edib. Minnesota ştatının Roçester şəhərində yaşayan 43 yaşlı Ceyms Link bu ilin yanvarında təyyarəyə lazer tutmaqla günah işlədiyini etiraf edib.

29 oktyabr 2021-ci ildə Raleigh-Durhamdan Minneapolisə uçan "Delta Airlines" təyyarəsinin pilotları üç dəfə lazerlə vurulduqlarını bildiriblər. Onlar Viskonsin ştatında River Falls-dan qərbdə təxminən 2750 metr yüksəklikdə uçarkən pilot kabininin mavi lazerlə işıqlandırıldığını bildiriblər.
ABŞ-ın Madison Baş Prokurorluğu Ədliyyə Departamentinin yaydığı açıqlamada pilotların lazerin pilot kabinəsində diqqətini çox yayındırmasına səbəb olduqdan sonra uçuş-enmə zolaqlarını dəyişdirməyi tələb etdiklərini söyləyib.

Təyyarə sağ-salamat eniş edib, lakin pilotlardan biri hadisədən sonra bir neçə saat ərzində sağ gözünün görmə qabiliyyətinin pisləşdiyini bildirib.

Hava nəqliyyatı idarəsi hadisəni araşdırmaq üçün Minnesota ştatının patrul təyyarəsini çağırsa da, həmin təyyarənin pilotları da o gecə River Falls üzərində dövrə vurarkən mavi lazer atəşinə tutulub.

“Təyyarənin müşahidə avadanlığından istifadə edərək, onlar şübhəlinin şəxsiyyətini müəyyənləşdirə, yerli hüquq-mühafizə orqanları ilə koordinasiya qura biliblər və məmurlar onunla əlaqə saxlayana qədər şəxsi izləyə biliblər”, - məlumatda deyilir.

Təyyarənin kapitanı məhkəməyə verdiyi açıqlamada lazerin "yüksək parlaqlığına" diqqət çəkərək, onu uçuş əməliyyatlarının vacib mərhələsində "qaranlıq otaqdakı bütün işıqların qəfil yanıb-sönməsi" ilə müqayisə edib. "Bu vacib mərhələdə kiçik bir səhv fəlakətli nəticələrə səbəb ola bilərdi" deyib kapitan.

ABŞ-ın Dairə Hakimi Uilyam M.Konley, təyyarəyə lazerin tuşlanmasının "inanılmaz dərəcədə təhlükəli və ehtiyatsızlıq" olduğunu və təyyarədəki hər kəsi "inanılmaz təhlükə" ilə qarşı-qarşıya qoyduğunu söyləyib. Məhkəmə həmçinin Linkin "çox sayda məişət zorakılığı"nı və 2017-ci ildə "həbs edən polisin gözünə fənər yandırdığı" hadisəni özündə əks etdirən "qabarıq cinayət qeydlərinə" diqqət yetirib. 

Federal Aviasiya Administrasiyasının rəqəmlərinə görə, 2021-ci ildə təyyarələrin və helikopterlərin lazerə məruz qalma hadisələri rekord həddə çatıb ki, bu da əvvəlki illə müqayisədə 41 faiz artım deməkdir.