Avstraliyalı balıqçı timsahın hücumuna məruz qalıb. Adı açıqlanmayan şəxs barmaqlarını timsahın gözlərinə soxaraq xilas olduğunu bildirib.
Hafta.az-ın "9 News"a istinadən yazdığına görə, balıqçı Kvinslend ştatının Kuktaun şəhərindəki ucqar çimərlikdə nizə ilə balıq tuturmuş. Bu sırada balıqçı 4,5 metrlik timsahla üz-üzə gəlib.
Kvinslend Təcili Yardım Xidmətindən Valeri Noble bildirib ki, timsah adamı üç dəfə dişləyib və onu suyun dibinə çəkib.
"Balıqçı barmaqlarını bir neçə dəfə timsahın gözlərinə soxduğunu və qaçaraq sahilə doğru üzdüyünü söylədi. Çox şanslı insan. Belə bir hekayəni danışmağın özü gözəldir", - deyib Valeri Noble.
Baş, qarın və ayaqlarından xəsarət alan şəxs xəstəxanaya çatdırılıb. Müalicə olunan balıqçının vəziyyətinin yaxşı olduğu açıqlanıb.
Səlahiyyətlilər isə hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb, balıq tutmaq üçün bölgəyə gələcək insanların suya girməzdən əvvəl xəbərdarlıq edilməsini istəyib.