Ermənistan və Türkiyə münasibətlərində yeni bir dönəm başlayır. Artıq hər iki dövlət rəsmiləri dialoq üçün öz nümayəndələrini təyin edəcəyini açıqlayıb.
Politoloq Əli Mustafa hafta.az-a bildirib ki, Türkiyə- Ermənistan münasibətlərində dialoq mühitinin yaranması uzun müddətdir ki, özünü doğrultmur.
Burda əsas səbəb Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi idi. Politoloq qeyd edib ki, Azərbaycan torpaqlarının əhəmiyyətli bir hissəsi işğaldan azad olunduğu üçün Türkiyə Ermənistanla münasibətlərdə yeni bir dialoqa başlayıb.
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində müəyyən addımlar atılır. Ortada Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçməsi, sərhədlərin müəyyənləşməsi və ümumiyyətlə, sülh sazişinin bağlanması ilə bağlı müəyyən səylər var. Bu münasibətlər o qədər də sabit, davamlı deyil. Bu daha çox Ermənistandakı vəziyyətlə əlaqəlidir. Daim müxalifətin və cəmiyyətin təpkiləri Paşinyanın ardıcıl olmasına maneə olur. Amma onlar da fərqindədirlər ki, Azərbaycanla münasibətlər mütləq mənada yoluna düşməlidir”.
Politoloq hesab edir ki, belə bir dialoq mühitinin yaradılması həm də Rusiyanın regiona müdaxiləsini azalda bilər.
Onun fikrincə, Gürcüstan və Azərbaycanla əməkdaşlıq edən Türkiyənin Ermənistanla da müəyyən şərtlər daxilində əməkdaşlıq səyləri doğru addımdır.
“Ermənistan Azərbaycan və Türkiyə ilə böyük sərhəddi olan bir dövlətdir”.
Politoloq Turan Rzayev bildirib ki, rəsmi Bakının indiki halda Ermənistandan tələbi İrəvanın Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməsi, Azərbaycanla sülh müqaviləsi imzalamasıdır.
“Bu məsələdə rəsmi Bakı ilə Ankaranın mövqeyi əvvəldən eynidir. Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Ermənistana xüsusi nümayəndə təyinatı ilə bağlı açıqlamasında qeyd edib ki, “Ermənistan hər zaman olduğu kimi, ilkin şərt olmadan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə hazırdır”. Yəni Unanyan deyir ki, Ermənistan da Türkiyə ilə dialoqa başlamaq üçün xüsusi nümayəndə təyin edəcək, lakin Ankara İrəvana heç bir şərt irəli sürməsin.
Ermənistan bu tələbində çox israr edə bilməyəcək. Məsələ ondadır ki, Ermənistan Türkiyə qarşısında hansısa şərt qoymaq iqtidarında deyil. Nəzərə almaq lazımdır ki, Türkiyə ilə sərhədlərin açılması Ermənistan üçün həyati bir məsələdir. Bu mənada deyə bilərik ki, rəsmi İrəvan gec-tez Ankara və Bakının ortaq tələbləri ilə razılaşmaq məcburiyyətində qalacaq”.