“Türkiyə Küveytdə hərbi baza qurmağa hazırdır” - Səfir

10:34 04.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Küveytdəki səfiri Tuba Nur Sönməz ölkəsinin Küveytdə hərbi baza yaratmağa hazır olduğunu bildirib.

Hafta.az-ın “Al Khaleej Online”yə istinadən yazdığına görə, Sönməz səfirlikdə keçirilən tədbirdə Türkiyə ilə Küveyt arasında hərbi əlaqələrlə bağlı açıqlamalar verib. Xəbərə görə, o deyib ki, Küveyt rəhbərliyi müraciət edəcəyi təqdirdə, Türkiyə bu ölkədə hərbi baza açacaq.

Türkiyə ilə Küveyt arasında hərbi və təhlükəsizlik əlaqələrinin səviyyəsini yüksək qiymətləndirən Sönməz bunun Türkiyənin müdafiə sənayesi sahəsində uğur qazanmasından sonra əldə edildiyini bildirib.

Sönməz Küveytin tələb etdiyi bütün hərbi texnikanı çatdırmağa hazır olduqlarını da vurğulayıb.

Digər tərəfdən, Sönməz Küveytin aldığı 18 ədəd Bayraktar TB2 pilotsuz uçuş aparatına toxunaraq, daşınmaların nəzərdə tutulan tarixdə həyata keçiriləcəyini bildirib.

Xatırladaq ki, Küveyt ordusu Türkiyədən 367 milyon dollara 18 Bayraktar TB2 SİHA alındığını açıqlayıb.

Türkiyə hazırda üç qitədə - Asiya, Afrika və Avropada 10-dan çox ölkədə hərbi bazalara malikdir.