Azərbaycanın cəbhə xəttində yaşayan mülki əhaliyə, ümumiyyətlə, erməni hücumlarından zərərçəkən insanlara dəstək məqsədilə Türk Əməkdaşlığı və Koordinasiya Agentliyi - TİKA tərəfindən ərzaq yardımı gətirilib.
Hafta.az yazır ki, 40 ton həcmində ərzaq məhsulları, Türkiyə səfiri Erkan Özoral, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və TİKA-nın ölkəmizdəki Proqram Koordinatoru Teoman Tiryakinin iştirakı ilə keçirilmiş tədbirdən sonra cəngə bölgəsinə göndərilib.
Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral bildirib ki, Türkiyə yaxşı günündə də, pis günündə də Azərbaycanın yanında olub və bundan sonra da olacaq. "Türkiyə ilə Azərbaycan "iki dövlət, bir millət" şüarına uyğun olaraq hər zaman birlikdə olacaq. Azərbaycanın öz torpaqlarını işğaldan qurtarmaq üçün başlatdığı hərbi əməliyyatları sonadək müdafiə edəcəyik. Dəstəyimiz sadəcə qardaş olduğumuzdan irəli gəlmir, hə də azərbaycanın bu məsələdə haqlı olmasından qaynaqlanır. Biz öz qardaşlarımızı əsla yalnız buraxmayacağıq", - deyib səfir Özoral.
Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib ki, Azərbaycan xalqının öz torpaqlarını işğaldan qurtarmaq üçün vətən uğrunda müharibə aparır. "Bu mübarizədə Türkiyə dövləti və xalqı bizə çox böyük dəstək verir. Bu günki ərzaq yardımı üçün də Türkiyəyə və TİKA-ya təşəkkür edirik.
TİKA-nın ölkəmizdəki nümayəndəsi T.Tiryaki də keçən həftə cəbhə bölgəsində fəaliyyət göstərən Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin əməkdaşlarına 500 bağlamadan ibarət ilk yardım partiyasını təhvil verdiklərini dilə gətirib. O deyib ki, bu gün də müharibə nəticəsində ev-eşiklərindən didərgin düşmüş ailələrə ərzaq yardımı göndəriblər. Hazır yemək və konservlərdən ibarət 40 ton ərzaq, Tərtər, Ağdam və Bərdə rayonlarında - cəbhə xəttinə yaxın bölgələrdə yaşayan 2 min ailəyə paylanılacaq.