Türkiyənin nəqliyyat naziri Zəngəzur dəhlizindən danışıb

13:34 18.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Qars şəhərini Naxçıvanla sərhəd olan Iğdır vilayəti ilə birləşdirəcək dəmir yolunun tikintisi üzrə işlərə bu ilin sonunda başlamaq və beş il ərzində başa çatdırmaq nəzərdə tutulur. Bu xətt Zəngəzur dəhlizinin mühüm komponentini işə salmağa imkan verəcək.

Bu sözləri “TGRT Haber” telekanalının efirində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu söyləyib.

Nazir xatırladıb ki, Türkiyənin şərqində 224 kilometrlik dəmir yolunun tikintisi üçün tender bu ilin əvvəlində elan edilib və hazırda layihənin maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparılır.

“Qarsdan Azərbaycanla sərhəddə yerləşən Dilucu sərhəd-keçid məntəqəsinə qədər məsafədə tikinti işləri təxminən 5 il çəkəcək”, - deyə Türkiyə Nəqliyyat Nazirliyinin rəhbəri qeyd edib.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası ilə Zəngilan rayonu arasında dəmir yolu hissəsinin tikintisi də bir neçə il çəkə bilər.

Nazir bildirib ki, eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş rayonlarında dəmir yollarının tikintisinin başa çatdırılması, Naxçıvanda relslərin modernləşdirilməsi mühüm əhəmiyyət kəsb edəcək.

Nazir daha sonra deyib: “Nəqliyyat dəhlizinin tam şəkildə fəaliyyət göstərməsi 2028-2029-cu illərdə mümkün olacaq. Bu marşrut Türkiyə və bütün region üçün həm iqtisadi, həm də strateji baxımdan əhəmiyyətlidir”.

Türkiyənin nəqliyyat naziri Zəngəzur dəhlizinin dünya ticarəti üçün əhəmiyyətindən də bəhs edib. O, Süveyş kanalında və Qırmızı dənizdə baş verən insidentlərlə əlaqədar qlobal ticarətdə yaranan riskləri vurğulayıb. Türkiyəli nazir deyib: “Zəngəzur dəhlizinin açılması nəticəsində Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin qurulması üçün yeni mühüm alternativ meydana çıxacaq”.

Bununla yanaşı, Uraloğlu Zəngəzur dəhlizinin İran ərazisindən keçə biləcəyini də istisna etməyib. Nazir bildirib: “Bizə məlumdur ki, Azərbaycan bu məsələ ilə bağlı İranla danışıqlar aparır. Yekun qərar hələ qəbul olunmayıb. İstisna etmirəm ki, dəhlizin ayrı-ayrı sahələri həm İran, həm də Ermənistan ərazisindən keçəcək”.

Oxunma sayı 67