Türkmənistanın şərqindəki Köytendağ bölgəsində dinozavrlara aid olduğu təsbit edilən uzunluğu 20 ilə 90 santimetr arasında olan təxminən 3 min daşlaşmış ayaq izi var.
Hafta.az-ın yazdığına görə, mövzu ilə bağlı danışan Elmlər Akademiyası Tarix və Arxeologiya İnstitutunun nümayəndəsi Kakacan Bayramov Türkmənistan torpaqlarının qədim və tarixi dəyərlərlə zəngin olduğunu bildirib, “Dinozavrların qalıqları Türkmənistan ərazisindədir” deyib.
Köytendağda minlərlə müxtəlif ölçülərdə dinozavr ayaq izlərinin olduğunu qeyd edən Bayramov, "Dağdakı dinozavr ayaq izləri iki güclü arxa ayağı üzərində gəzən bir dinozavr növünü işarə edir. Ayaq izlərinə görə, bunlar İquanodonlara bənzər dinozavrlar ola bilər. Məncə 100 milyon il əvvəl yaşamış dinozavrların ayaq izlərinin elmi tədqiqi lazımdır" deyib.
Dinozavr izləri olan bölgənin Türkmənistanda mühüm turizm mərkəzi olduğunu dilə gətirən Bayramov bildirib ki, ölkəsinin turizm baxımından çox mühüm dəyərləri və irsi var. Odur ki, bu tarixi zənginliklər turizm üçün açılmalıdır.
Bölgədəki dinozavr ayaq izləri əsrlər boyu yerli əhali tərəfindən tanınsa da, 20-ci əsrin ikinci yarısında geoloqlar və tarixçilər tərəfindən aparılan kəşflərdən sonra paleontologiya elminə gətirilmişdir.
Köytendağ dinozavr yaylası, uzunluğu təxminən 400 metr və eni 300 metr olan, səthində təxminən 3 min dinozavr ayaq izini qoruyan əsl "paleontologiya möcüzəsi" kimi diqqət çəkir.