Tütün şirkəti 635 milyon dollar cərimə ödəyəcək

11:30 27.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

British American Tobacco (BAT) ABŞ sanksiyalarını pozaraq Şimali Koreyaya tütün məhsulları satdığını etiraf etdikdən sonra 635 milyon dollar cərimə ödəyəcək.

Hafta.az-ın yazdığına görə, BAT-ın Şimali Koreyaya qoyulan sanksiyaları pozması səbəbilə ABŞ səlahiyyətlilərinə cəmi 635 milyon 241 min 338 dollar və faiz ödəyəcəyi qeyd edilib. Şirkətin açıqlamasında bildirilir ki, BAT 2017-ci ilin sentyabr ayından etibarən Şimali Koreya ilə bütün ticarət fəaliyyətlərini dayandırıb.

ABŞ Ədliyyə Nazirliyindən verilən açıqlamada, BAT və onun törəmə şirkəti olan BAT Marketing Singapore-nin sanksiyaların pozulması və bank fırıldaqlarına görə cəza ödəməyə razı olduğu bildirilib. Həmçinin qeyd olunub ki, BAT-ın Sinqapurdakı törəməsinin 2017-ci ilədək Şimali Koreyanın bu ölkədəki səfirliyinə tütün ixrac etdiyi və ödənişlər üçün ABŞ banklarından istifadə etdiyi üzə çıxıb.

Xatırladaq ki, ABŞ Şimali Koreyaya nüvə və ballistik raket fəaliyyətlərinə görə sanksiyalar tətbiq edir.