Ukrayna düşmənin mümkün nüfuzetməsinə qarşı şimal sərhədinin müdafiəsini gücləndirməkdə davam edir.
Hafta.az “UNİAN”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı, general-leytenant Sergey Nayev komandanlığın "Facebook" səhifəsində məlumat paylaşıb.
Qoşunlar sərhəd boyu mühəndis sədləri yaradır, tank əleyhinə səngərlər qazır, ərazini minalayır, həmçinin desant-kəşfiyyat qruplarının daxil olmasının və zirehli texnikanın keçməsinin qarşısını almaq üçün mina sahələri yaradır.
"Biz başa düşürük ki, şimal qonşularımızla mülki formada dövlət sərhədi xəttinə uzun müddət ehtiyacımız olmayacaq, çünki sərhədin o tayında dostlarımız yoxdur. Ona görə də qarşıya sərhəd zolağının düşmən üçün keçilməz hala salınması vəzifəsi qoyulub", - deyə Nayev bildirib.
Ayın son ongünlüyü ərzində hərbçilər 5,8 mindən çox minadan istifadə etməklə 30 tank əleyhinə mina sahəsi və maneələr quraşdırıblar. Sərhəd boyu 5 min metrə yaxın səngər və 6,5 min metr tank əleyhinə xəndəklər təchiz edilib.
Onlar həmçinin şəxsi heyət üçün 80 qapalı yuva, sığınacaq, atəş mövqeləri və ağır texnika üçün atəş mövqeləri qurublar.
Qeyd edək ki, Ukrayna şimaldan əsasən Belarusla uzunluğu 891 km olan sərhəd xəttinə malikdir. Ölkənin Rusiya ilə sərhədi daha çox şimal-şərq hissəsinə düşür.